Türk “Gözcü”sü Qatarın sərhədlərini qoruyacaq

Türkiyənin “Kale-Baykar” ortaqlığı Qatar Əmirliyinin sifariş verdiyi 20 ədəd “Gözcü” adlı pilotsuz uçuş aparatının (PUA) çatdırılmasına başlayır. Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.

Fevral ayında Qatar nümayəndə heyətinin iştirakı ilə PUA-lar qəbul testlərini tamamlayıb. Çöl-səhra iqliminə uyğun istehsal edilmiş bu uçuş aparatları gələn aydan Qatar Silahlı Qüvvələri tərəfindən istifadə edilməyə başlayacaq.

Türkiyə Silahlı Qüvvələrindən sonra Qatar Silahlı Qüvvələrinin inventarına daxil olan “Gözcü”nün yaradılmasına 2005-ci illərdən başlanıb. PUA 2007-ci ildən Türkiyə Silahlı Qüvvələri tərəfindən gecə və gündüz yaxın mənzildə kəşfiyyat aparmaq üçün istifadə olunur. Bu günə qədər şirkət tərəfindən 170-dən çox PUA istehsal edilərək Silahlı Qüvvələrə çatdırılıb.

“Gözcü” PUA dünyadakı anoloqlarından uçuş məsafəsi, uçuş yüksəkliyi, eniş tipi və qabaqcıl uçuş funksiyalarına görə fərqlənir.

Qeyd edək ki, “Gözcü” Türkiyə tarixində ixrac edilmiş ilk PUA-dır. Əllə havaya atıldıqdan sonra uçuşa qalxan “Gözcü” yerə paraşütlə və ya gövdəsi üzərinə avtomatik eniş edə bilir. PUA 3 min fut yüksəkliyə qalxır. Hədəflərin korrdinatlarını dəqiqliklə əldə etməklə yanaşı 15 km məsafədən məlumatları mərkəzə ötürə bilmə imkanlarına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş