Türk Ordusu Suriyanın Afrin rayonunda əməliyyatlara başlayıb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal qərbindəki Afrin bölgəsində əməliyyatlara başlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də, saat 17:00-dan “Zeytun Budağı” əməliyyatı başlayıb.

“Əməliyyat ölkəmizin beynəlxalq hüquqdan qaynaqlanan haqları, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair, xüsusilə 1624 (2005), 2170 (2014) və 2178 (2014) saylı qərarları və BMT müqaviləsinin 51-ci maddəsində yer alan özünü müdafiə hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyü nəzərə alınmaqla icra edilir”, – deyə məlumatda qeyd olunub.

Baş Qərargah bəyan edib ki, əməliyyatın planlaşdırılması və icrasında sadəcə terrorçular və onlara aid sığınacaqlar, mövqelər, silah, texnika və digər vasitələr hədəf alınıb. Dinc əhalinin zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir.

Bu arada Rusiya Müdafiə Nazirliyi hərbçilərə Afrin rayonunu tərk etmək əmri verib. Nazirlikdən mediaya verilən açıqlamada bunun baş verən toqquşmalarda rus hərbçilərinin zərər görməməsi məqsədi daşıdığı qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş