Türkiyə İraqın şimalında “Pəncə-Qartal” əməliyyatına başladı

Türkiyə İraqın şimalında “Pəncə-Qartal” əməliyyatına başladı

Türkiyə Silahlı Qüvvələri iyunun 14-dən 15-nə keçən gecə İraqın şimalında PKK terrorçularının zərərsizləşdirilməsi məqsədi ilə “Pəncə-Qartal” əməliyyatına başlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında məlumat yayıb.

“Son zamanlar sərhəd məntəqələrimizə, bazalarımıza artan hücumlarla cəhdləri ilə xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təhdid edən PKK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təmin edilməsi üçün beynəlxalq hüquqdan irəli gələn özünü müdafiə haqlarımız çərçivəsində “Pəncə-Qartal” əməliyyatına başladıq. Hərbi Hava Qüvvələrinə aid təyyarələr tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində terrorçuların baza olaraq istifadə etdikləri Sincar, Karacak, Qəndil, Zap, Qara, Avaşin Basyan və Hakurkdakı terror yuvaları tək-tək vurulur”, – deyə Nazirlik bəyan edib.

Əməliyyatı Hərbi Hava Qüvvələrinin Əməliyyat Mərkəzindən Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hava Qüvvələri Komandanı ordu generalı Hasan Küçükakyüz və Dəniz Qüvvələri komandanı ordu admiralı Adnan Özbal idarə ediblər.

Əməliyyatın ilk mərhələsində terrorçulara aid sığınacaq, yaşayış obyekti və mağaralardan ibarət 81 hədəf zərərsizləşdirilib. Təyyarələr təhlükəsiz şəkildə öz bazalarına geri qayıdıblar.

“Bu əməliyyatda maksimum şəkildə yerli və milli sursatlar istifadə edilərək terror təşkilatının qeyd olunan bölgələrdəki varlığına ağır zərbələr vurulub. Əməliyyatın planlaşdırılması və icrasında mülki əhalinin təhlükəsizliyinin və ətraf mühitin qorunmasında maksimum həssaslıq göstərilib. Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi bu gün də ölkəmizin və millətimizin asayişi və təhlükəsizliyi üçün terrorla mübarizəyə ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlılıqla davam edəcəkdir”, – deyə Nazirliyin bəyanatında bildirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş