Türkiyə müdafiə sənayesindən dəstək: Bütün imkanlarımızla Azərbaycanın yanındayıq

Türkiyə müdafiə sənayesindən dəstək: Bütün imkanlarımızla Azərbaycanın yanındayıq

Türkiyənin böyük müdafiə sənayesi şirkətləri Azərbaycana dəstək mesajları yayımlayıblar.

Azeri Defence saytının məlumatına görə, Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin sədri Haluk Görgün sosial media hesabında Azərbaycanın haqlı mücadiləsini dəstəklədiklərini ifadə edib: “Azərbaycanın haqlı mücadiləsini dəstəkləyirəm. Dünən olduğu kimi, bu gün də qardaş vətən Azərbaycanın yanındayıq”.

ROKETSAN şirkəti isə Azərbaycanı dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini bəyan edib: “Bütün imkanlarımızla haqlı mübarizəsini dəstəklədiyimiz və dəstəkləməyə davam edəcəyimiz əzəli və əbədi qardaşımız Azərbaycanın yanındayıq! #İkiDevletTekMillet”.

Ermənistanın hücumlarını qınayan “Meteksan Savunma” şirkəti də daim Azərbaycanın yanında olacağını bəyan edib: “Ermənistanın Azərbaycana etdiyi hücumları şiddətlə qınayır, hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfalar diləyirik. Meteksan Savunma olaraq bütün imkanlarımızla qardaş ölkə Azərbaycanın yanındayıq”.

Türkiyənin aviasiya nəhəngi TUSAŞ da sosial media hesabında Azərbaycana dəstəyini “Dost və qardaş ölkə Azərbaycanın “iki dövlət, bir millət” anlayışıyla hər zaman və hər şəraitdə yanındayıq” sözləri ilə bildirib.

HAVELSAN şirkəti isə dəstəyini “Qardaş ölkə Azərbaycanı hədəf alan hücumlarına görə Ermənistanı qınayırıq. Can Azərbaycan, yanındayıq” #Azerbaycan #Azərbaycan #TekMilletİkiDevlet #Azerbaijan #SeninleyizAzerbaycan #CanAzerbaycan” mesajı və həştaqları ilə ifadə edib.

STM şirkəti sosial media hesabında dəstəyini “Azərbaycan sərhədində mülki əhaliyə qarşı yönəlmiş hücumlarda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Can və qardaş Azərbaycanın vətən müdafiəsində verdiyi mücadilədə bütün imkanlarımızla yanındayıq! #İkiDevletTekMillet” yazaraq ifadə edib.

“Elektroland Defence” şirkəti də bənzər mesajla dəstəyini ifadə edib: “Bütün imkanlarımızla qardaş Azərbaycanın əmrindəyik. #TekMilletİkiDevlet #Azerbaycan”.

“Baykar Savunma” şirkəti isə dəstəyini “Biz bir millət, iki dövlətik!” ifadəsi ilə nümayiş etdirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş