Türkiyə tank istehsalındakı xarici asılılığı aradan qaldırır

Türkiyə tank istehsalındakı xarici asılılığı aradan qaldırır

Milli “Altay” əsas döyüş tankının yaradılması zamanı ortaya çıxan texniki problemlər yalnız Türkiyənin hərbi texnologiyaların idxalından asılılığını aradan qaldırmasına xidmət edir.

“Poliqon”un məlumatına görə, ASELSAN şirkəti artıq Volkan-M tank atəşi idarəetmə sisteminin sınaqlarına başlayıb. Keçirilən sınaqlar hərəkətdə olan M60-TM tankından sabit hədəflərə qarşı aparılmışdır. Sınaqların tam dövrü bu ilin sonunadək tamamlanmalı və bundan sonra Volkan-M tank atəşi idarəetmə sistemi həm sınaqlar aparılan M60-TM tanklarının təkmilləşdirilməsində, həm də digər layihələrdə tətbiq edilməlidir.

Növbəti addım olaraq, Volkan-M tank atəşi idarəetmə sisteminin “Leopard” 2A4 tankının döyüş qabiliyyətinin artırılmasından ötrü yerinə yetiriləcək sonrakı təkmilləşdiriməsində tətbiqi planlaşdırılır. “Leopard” 2A4 tanklarının təkmilləşdirilməsi zamanı “Altay” tankında quraşdırılmış qüllənin, həmçinin bir sıra digər həllərin tətbiqi də nəzərdə tutulub. Artıq bir müddət əvvəl “Altay qülləli Leopard 2A4 tankı” (“Altay kuleli Leopard 2A4 tankı”) layihəsi təqdim edilib.

Milli tank istehsalında atılan digər addım isə müdafiə sənayesi ehtiyaclarının qarşılanması üçün yerli mühərriklərin və transmissiyaların yaradılmasıdır. Cari ilin 30 aprel tarixində Türkiyənin “BMC Power” şirkəti Türkiyənin yerli milli hərbi və mülki dizel mühərriklərin yaradılması və istehsalında heç bir sorunun qalmadığını sübut edən videoçarx yayımlayıb. Belə ki, zirehli döyüş texnikaları, hərbi yük maşınları, T-155 “Fırtına” özüyeriyən haubitsaları və “Altay” tankı kimi platformalarda istifadə ediləcək 380, 600, 1000, 1500 at gücünə malik mühərriklər və 1000 at gücünə malik transmissiyanın ilk işəsalınması yerinə yetirilərək sınaq mərhələsinə qədəm qoyulub. 1500 at gücünə malik transmissiyanın isə layihələndirilməsi başa çatdırılıb və istehsalı başlanılıb.

Beləliklə, Türkiyə müdafiə sənayesi tank istehsalındakı xaricdən idxal asılılığını aradan qaldırmaq istiqamətində addım-addım irəliləyərək nailiyyətlərə imza atır.

Əhəd Əzizov

KATEQORIYA:
Bu xəbəri paylaş