Türkiyənin Azərbaycana yeni hərbi attaşesi təyin olunub

Yeni attaşe ordu generalı Hüseyn Nüsrət Taşdelerin kiçik qardaşıdır
Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişib. “AzeriDefence.com” saytının məlumatına görə, Yüksək Hərbi Şuranın (YAŞ) qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general-mayor Yücel Karauz Quru Qoşunlarının Logistik Komandanlığının Kırıkkaledə yerləşən Sursat təchizatı komandanı təyin olunub.

YAŞ qərarı ilə Azərbaycana hərbi attaşe olaraq Tekirdağda yerləşən 3-cü zirehli diviziya komandanlığından general-mayor Həsən Nevzat Taşdeler təyin edilib.

YAŞ-ın qərarı bu gün prezident Abdullah Gül tərəfindən imzalanaraq qüvvəyə minib.

Qeyd edək ki, yeni hərbi attaşe Türkiyə Silahlı Qüvvələrinin Təlim və Doktrina Komandanlığının sabiq rəhbəri, “İnternet Andıcı” işində adı keçən ordu generalı Hüseyn Nüsrət Taşdelerin kiçik qardaşıdır. Ixtisasca artilleriyaçı olan general Həsən Nevzat Taşdeler əvvəllər İğdır 5-ci sərhəd alayının komandanı vəzifəsində də çalışıb.

YAŞ qərarı ilə Baş Qərargahın rəisi, ordu genalı Necdət Özəl öz postunda daha iki il qalacaq. Baş Qərargahın ikinci rəisi ordu generalı Hulusi Akar Quru Qoşunlarının, ordu admiralı Rəcəp Bülent Bostanoğlu Hərbi Dəniz Qüvvələri, ordu generalı Akın Öztürk Hərbi Hava Qüvvələri, Quru Qoşunları Təlim və Doktrina komandanı, ordu generalı Sərvət Yörük Jandarma Baş Komandanı, Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi, ordu generalı Yaşar Gülər Baş Qərargahın ikinci rəisi təyin olunublar.

KATEQORIYA:
Bu xəbəri paylaş