Türkiyənin hərbi qurumlarından Azərbaycana dəstək mesajları

Türkiyənin hərbi qurumlarından Azərbaycana dəstək mesajları

Türkiyənin Xarici İşlər nazirinin ardınca bir sıra müdafiə sənayesi təşkilatlarının rəhbərləri və müəssisələri də Azərbaycana öz dəstəklərini ifadə ediblər.

“Azeri Defence”nin məlumatına görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin Sədri İsmail Dəmir sosial media hesabında Ermənistanın silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycana qarşı etdiyi təxribatı qınayıb.

“Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Unudulmasın ki, Türkiyə bütün imkanları ilə qardaş ölkə Azərbaycanın yanında olacaqdır”.

Türk Aviasiya və Kosmik Sənayesi Təşkilatının (TUSAŞ) baş direktoru Təməl Kotil də sosial media hesabında “Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hücumunda şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik. Başınız sağ olsun! Biz sizinləyik #Azerbaijan” yazıb.

Türkiyə müdafiə sənayesinin lokomotivi olan ASELSAN şirkəti “Başın sağ olsun Can Azərbaycan” mesajını paylaşıb.

Qeyd edək ki, bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.

“Meteksan Savunma” şirkəti isə yayımladığı mesajda “Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə gerçəkləşdirdiyi hücumu şiddətlə qınayır, şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət, yaralılara şəfalar diləyirik. Səninləyik Azərbaycan”, -yazıb.

KATEQORIYA:
Bu xəbəri paylaş