Türkiyənin Müdafiə Naziri: Azərbaycana dəstək verməyə davam edəcəyik

Türkiyənin Müdafiə Naziri: Azərbaycana dəstək verməyə davam edəcəyik

Azərbaycan Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Bu barədə “AzeriDefence” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Ramiz Tahirov bu gün Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla görüşüb. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və qoşun komandanları da iştirak edib.

Cəbhədə Ermənistan tərəfindən törədilən təxribatlara münasibət bildirən Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib ki, Prezident Rəcəp Tayyip Ərdoğanın da dediyi kimi, “bu ermənilərin boyunu aşan təşəbbüsdür. Biz də deyirik ki, bu açdıqları oyunun altında qalacaq, oyunda boğulacaq və etdiklərinin hesabını ödəyəcəklər”.

Nazir azərbaycanlı həmkarı Zakir Həsənovla əlaqə saxladığını və vəziyyəti müzakirə etdiklərini bildirib.

Yaşananlarla bağlı lazım olan nə varsa ediləcəyini deyən Akar “Tovuz bölgəsinə edilən hücumu qınayırıq. Azərbaycan türkünün acısı bizim acımızdır. Orada yaşadığınız hər cür sıxıntının burada çox dərin şəkildə hiss edildiyini də hamınızın bilmənizi istəyirəm” deyə qeyd edib.

Akar şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verib və şəhidlərin qanının yerdə qalmayacağına əminliyini ifadə edib: “ Dağlıq Qarabağın işğalının qəbul edilməsinin mümkün olmadığını hər platformada söylədik. Bu məsələdə Azərbaycanlı qardaşlarımızın, igid insanların bütün mübarizəsində onlarla bərabər olduğumuzu cənab prezidentimiz başda olmaqla Türkiyədə hərbi-mülki hər kəs idarə edir. Bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Bütün qəlbimizlə inanırıq ki “biz bir millət, iki dövlətik”.

Türkiyə və Azərbaycan arasındakı dostluğun, qardaşlığın, birlik və bərabərliyin çox önəmli olduğunu vurğulayan müdafiə naziri Akar buna qarşı yönələn təşəbbüslərə birgə cavab veriləcəyini bəyan edib.

“Azərbaycanlı qardaşlarımıza edilən hər cür hücumlara qarşı bundan əvvəl Azərbaycanlı qardaşlarımızla necə bərabər olduqsa, bundan sonra da eləcə davam edəcəyik. Azərbaycanlı qardaşlarımızla bir və bərabərik. Acılarını ürəyimizdə hiss edirik. Biz Türkiyə Cümhuriyyəti dövləti olaraq, Türkiyə Silahlı Qüvvələri olaraq nə etməmiz gərəkirsə bu günə qədər olduğu kimi bundan sonra da edəcəyik. Bundan kimsənin şübhəsi olmasın”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş