Türkiyənin Müdafiə Nazirliyi: Yunan Kiprindən bir general-leytenant Ermənistanda terrorçulara təlim keçir

Türkiyənin Müdafiə Nazirliyi: Yunan Kiprindən bir general-leytenant Ermənistanda terrorçulara təlim keçir

Ermənistanın qadağan olunmuş silah və sursat istifadə edərək günahsız mülki insanları, mülki yaşayış məntəqələrini və ictimai binaları hədəf alması açıq bir müharibə və insanlıq cinayətidir.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.

Nazirliyin mətbuat xidməti bəyan edib ki, Ermənistan oktyabrın 10-da elan edilmiş atəşkəsə baxmayaraq, Azərbaycanın birbaşa mülki əhalisini və yaşayış məntəqələrini hədəf alaraq sentyabrın 27-də başlatdığı amansız hücumlarını davam etdirir.

“Bu hücumlar zamanı 50-yə yaxın Azərbaycan mülki vətəndaşı həyatını itirib, 300-ə yaxın mülki insan yaralanıb, minlərlə ev və ictimai binalar yararsız vəziyyətə düşüb”, – deyə Nazirlik bəyan edib.

Bildirilib ki, bu hücumlarla Ermənistan bir daha bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu göstərir: “Digər tərəfdən, PKK / YPG üzvlərinin Ermənistanda olması, həmçinin Yunan Kiprindən bir general-leytenant bölgədə olduğu, onun erməni könüllüləri, PKK / YPG terror təşkilatı üzvləri və müxtəlif ölkələrdən muzdlu döyüşçülərə təlim keçdiyinə dair məlumatlar var. Bölgədəki sülh və sabitlik üçün Ermənistan bu terrorçuları və muzdluları geri qaytarmalı, hücumlarına və Azərbaycan ərazilərindəki haqsız işğallarına son qoymalıdır”.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan özünü müdafiə hüququ çərçivəsində xalqını və ərazi bütövlüyünü qorumaq, torpaqlarını erməni işğalından azad etmək üçün hərbi əməliyyatlarını uğurla davam etdirir.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər əsl qardaşlıq münasibətləridir. Bu qardaşlıq bizim üçün əvəzolunmazdır. Azərbaycanlı qardaşlarımızın haqlı davasında bundan əvvəl olduğu kimi, bundan sonra da yanlarında olacağıq. Doğma torpaqlarını erməni işğalından xilas edərkən şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş