
Türkiyənin TF-X döyüş təyyarəsi 2025-ci ildə sifarişçiyə təhvil veriləcək
Türkiyənin TUSAŞ şirkəti tərəfindən dizayn olunmuş və istehsal edilən TF-X beşinci nəsil döyüş təyyarəsinin 2023-cü il martın 18-də anqardan çıxarılması planlaşdırılır.
“AzeriDefence” xəbər verir bu barədə TUSAŞ şirkətinin baş direktoru Təməl Kotil “TRT radio”ya müsahibəsində deyib.
Şirkət direktoru bildirib ki, milli döyüş təyyarəsinin çatdırılmasına 2025-ci ildə başlanacaq. Sertifikasiya prosesi də 3 il çəkəcək. Beləliklə milli döyüş təyyarəsi 2029-cu ildə xidmətə başalayacaq.
Qeyd edək ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start verib. Milli döyüş təyyarəsinə ASELSAN şirkətinin istehsalı olan AESA radarı inteqrasiya olunacaq. Bundan başqa TF-X təyyarəsi ASELSAN və TUSAŞ şirkətlərinin birgə hazırlayacağı proqram təminatı sayəsində sürü halında uçan pilotsuz uçuş aparatlarına (PUA) nəzarət edəcək.
Həmçinin TF-X-də ASELSAN-ın istehsalı olan radioelektron mübarizə sistemi, raket hücumundan xəbərdarlıq sistemi, lazer xəbərdarlıq sistemi quraşdırılacaq.
Bundan başqa TF-X döyüş təyyarəsi rəqəmsal radio dalğa yaddaşı (DRFM – Digital Radio Frequency Memory) və radio dalğaları qarışdıran sistemlə təchiz olunacaq.