Türkiyə İraqın şimalında antiterror əməliyyatını davam etdirir

Türkiyə İraqın şimalında antiterror əməliyyatını davam etdirir

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində həyata keçirdiyi “Pəncə-Pələng” adlı genişmiqyaslı antiterror əməliyyatı davam etdirilir.

“AzeriDefence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar İraqla sərhədə əməliyyatların keçirildiyi bölgəyə gəlib və buradakı vəziyyətlə bağlı məlumatlar alıb.

Milli Müdafiə naziri bildirib ki, “Pəncə-Pələng” əməliyyatı çərçivəsində terror qruplaşmalarına məxsus 150 civarında sığınacaq ələ keçirilib: “Terroristlərin quraşdırdığı 160 ədəd əldəqayırma partlayıcı və mina zərərsizləşdirilib. Çox sayda silah və surst ələ keçirilib. Bu günə qədər Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının birlikləri tərəfindən 700-dən çox hədəf atəşə tutulub”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri iyunun 14-dən 15-nə keçən gecə İraqın şimalında PKK terrorçularının zərərsizləşdirilməsi məqsədi ilə “Pəncə-Qartal” əməliyyatına başlayıb. “Pəncə-1”, “Pəncə-2”, “Pəncə-3” əməliyyatlarının ardından, iyunun 17-dən Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Pələng” əməliyyatı həyata keçirilir.

Əməliyyatlarda Türkiyə istehsalı olan T-155 “Fırtına” özüyeriyən haubitsa, yaylım atəşli reaktiv sistem, o cümlədən zərbə pilotsuz uçuş aparatı (PUA), T-129 ATAK zərbə helikopterləri və digər silah və texnikalar istifadə edilməklə hədəfələrə tam zərbələr vurulub. Əməliyyatlara F-16 döyüş təyyarələri də cəlb edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş