Türkiyə-Azərbaycan hərbi təlimləri başladı

Ordular güclərini birləşdirirİyunun 12-də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İyulun 28-dək davam edəcək təlimlər Bakı və Naxçıvanda icra olunacaq.

Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır.

Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən piyada bölüyünün bir qrupu, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılıb.

Bu gün həmçinin Türkiyə prezidenti Abdullah Gül “Türkiyə Hökuməti və Azərbaycan Hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu”nu təsdiq edib. Memorandum iki ölkə arasında hərbi təlimlərin keçirilməsi, təlimlərə ev sahibliyi edən ölkə və şəxsi heyət göndərən ölkənin vəzifələrini, tərəflərin üzərinə düşən vəzifələri əhatə edir.

Sazişə görə, təlimlər növbəli şəkildə iki ölkədə də keçiriləcək. Təlimləri qəbul edən ölkə onları tamamilə maliyyələşdirəcək. Yerli və xarici jurnalistlərə bağlı olan təlimlərin şəkillərini də yaymaq qadağan olunacaq.

Memorandumu iyunun 4-də Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Türkiyə tərəfdən isə Quru Qoşunlarının təlim şöbəsinin müdiri, polkovnik Cumhur Erentürk imzalayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş