Türkiyə Quru Qoşunlarının komandanı Bakıda görüşlər keçirib

Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Hulusi Akar dünən və bu gün bir sıra görüşlər keçirib. “AzeriDefence”nin məlumatına görə, martın 10-da əvvəlcə H. Akarın Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Rəsmi protokola uyğun olaraq Quru Qoşunları Komandanı Şərəf kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Hulusi Akar da öz növbəsində dövlətlərarası əlaqələrinin qədim tarixi bazaya, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Martın 11-də isə prezident İlham Əliyev Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı dövlət başçısı bildirib ki, Türkiyə Quru Qoşunları komandanının başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hərbi sahədə əməkdaşlığı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib.

Dövlət başçısı əməkdaşlığın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib.

H. Akar ilk dəfə Azərbaycana 1994-cü ildə səfər etdiyini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayıb. Ötən dövr ərzində Bakıda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayan H. Akar Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş