Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri başlayıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin Azərbaycana rəsmi səfəri başlayıb. “AzeriDefence”nin məlumatına görə, ötən gün Bakıya gələn N. Özəlin başçılıq etdiyi nümayəndə heyəti bu gün rəsmi görüşlərə başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu gün Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib. Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksinin və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyub. Türk Şəhidliyindəki Xatirə Dəftərinə qeydlərini edib.

“Bu gün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq ən yüksək səviyyədədir”, – deyən general N. Özəl Baş Qərargah rəisi postunda Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayıb.

Daha sonra Müdafiə Nazirliyinə gələn general N. Özəlin təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, geniş tərkibli görüşdə S. Əbiyev qonağı bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanıb. Bu mənada həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunub.

Qeyd edək ki, N. Özəl səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə Milli Məclisin sədri Oqtay Əsədov, daxili işlər naziri Ramil Usubov və daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənovla görüşlər keçirəcək. Görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş