Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanda medalla təltif olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General Özel iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə bu medalla təltif edilib.

Müdafiə naziri bu gün Bakıda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu streteji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və bu əlaqələrin davamlı olduğunu qeyd edib.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Ordu generalı N.Özel öz növbəsində dövlətlərarası əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, cari ilin avqust ayında Silahlı Qüvvələrdən təqaüdə çıxacaq general N. Özel artıq bu vəzifədə dost və müttəfiq ölkələrə son səfərlərini edir. Vida səfərinə o, Azərbaycandan başlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş