Türkiyə Silahlı Qüvvələrinin yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı – 2015” taktiki təlimlərin keçirilməsinin vacibliyi, o cümlədən bu cür tədbirlərin davamlı olaraq icra edilməsi xüsusi qeyd olunub.

Bundan əlavə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə edilib.

Müdafiə naziri Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bunun gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.

Səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İhsan Başbozkurtu təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək Silahlı Qüvvələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş