Türkiyə hərbçilərinin həlak olması faktı üzrə təhqiqat komissiyası yaradılmayacaq

Rusiya və Türkiyə hərbi birləşmələrinin koordinasiya mərkəzinin yaradılması üçün danışıqlara başlanılıb

 Suriyada Rusiya döyüş təyyarəsinin Türkiyə hərbçilərinə atəş açması faktı ilə bağlı təhqiqat komissiyası yaradılmayacaq.

“AzeriDefence”nin məlumatına görə, Rusiya mediası yazır ki, hər iki ölkənin hərbi qurumu baş verən hadisənin araşdırılması üçün birgə komissiyasının yaradılmasına ehtiyac duymayıb.

Buna səbəb isə hadisənin baş vermə vəziyyətinin aydın olmasıdır.

Əvəzində isə hər iki qurum birgə koordinasiya mərkəzinin yaradılmasına ehtiyac olduğu qənaətinə gəliblər.

Hazırda Suriyada hərbi əməliyyat aparan Rusiya və Türkiyə ordu birləşmələrinin koordinasiya mərkəzinin yaradılması istiqamətində danışıqlara başlanılıb.

Xatırladaq ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində fevralın 9-u saat 08:40 radələrində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus bir döyüş təyyarəsi səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub. Nəticədə 3 hərbçi həlak olub, biri ağır olmaqla, 11-i yaralanıb.

Rusiya rəsmiləri bunun bir qəza olduğunu, təəssüfləndiklərini bildirib və başsağlığı veriblər.

Eyni məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putin də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və təəssüfləndiyini bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş