Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı Azərbaycanın Daxili Qoşunlarında olub

Azərbaycan Daxili İşlər Nazirinin (DİN) müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyənin Jandarma Baş Komandanı ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence” Daxili Qoşunların mətbuat xidmətinə istinadən məlumat verib.

Ş.Məmmədov Türkiyə Jandarma Baş Komandanlığı ilə DİN Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin günü-gündən genişləndiyini qeyd edib.

Y.Güler Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edərək, iki ölkənin müvafiq qurumları arasındakı əlaqələri yüksək qiymətləndirib, DİN Daxili Qoşunları üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, təcrübə mübadiləsinin davam etdiriləcəyini vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə hərbi tərəfdaşlıq məsələləri müzakirə edilib.

Sonra qonaqlara Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və bugünkü inkişafı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, aprelin 28-dək davam edəcək səfər çərçivəsində Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı və nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə və o cümlədən Bakı şəhərində yerləşən hərbi hissə ilə tanış olaraq taktiki təlimi izləyəcəklər.

Qonaqlar həmçinin Heydər Əliyev Mərkəzini və Bakı şəhərindəki tarixi mədəniyyət abidələrini ziyarət edəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş