Türkiyə nümayəndə heyəti Baş Klinik Hospitalda olub

Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, kontr-admiral Hayati Bilgiçin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev qonaqlara hərbi hospitalın yaranma tarixi, onun fəaliyyəti, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.

Hospitalın bölmə və şöbələri ilə tanış olan kontr-admiral H.Bilgiç ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib, Hərbi Tibb Fakültəsində təhsil alan tələbə və rezidentlərlə görüşüb.

Sonra, qonaqlar Azərbaycan Tibb Universitetinə gələrək təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.

Türkiyə hərbi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

KATEQORIYA:
Bu xəbəri paylaş