Türkiyədə döyüşçü robotun yaradılmasına başlanılıb

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi silahlı qüvvələr üçün döyüşçü robotun yaradılması üzərində işlərə başlayıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə elm, sənaye və texnologiya naziri Faruk Özlü “Microsoft” Ankara sammitində çıxışı zamanı bildirib.

Dövlətdə rəqəmsal dəyişikliyə təkan verəcək informasiya texnologiyaları həllərini müzakirə edən nazir 4-cü sənaye inqilabı ilə dövlətin ən kritik sahələrində, həmçinin müdafiə xidmətlərində robot əsgərlərdən istifadə ediləcəyi günlərin çox yaxın olduğunu qeyd edib.

F. Özlü robot əsgər haqında ətraflı danışmasa da, məlum olan budur ki, əsgər robot xarici görünüşünə görə insan formasına və buna uyğun konstruksiyaya malik olan humanoid robot olacaq.

“Layihəni gerçəkləşdirmək üçün insan resursu baxımından çətinliklərimiz var. Bu boşluğu sürətlə doldurmalıyıq və dolduracağıq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Mühəndislik və Araşdırma Mərkəzi də robot əsgər hazırlayıb. Döyüş yerlərində kömək göstərmək və ilk yardım edə bilməsi üçün hazırlanan robot prezident Vladimir Putin tərəfindən yoxlanılıb. Yüksək texnologiyalara sahib robot V. Putin üçün maraqlı şou göstərib. Ərazidə qısa bir çevrə vuran robot, daha sonra poliqonda atıcılığını nümayiş etdirib. Android işlətmə mexanizmasına malik olan bu robota quraşdırılan atəşaçma bacarığının özünü qoruya bilməsi üçün olduğu deyilib.

İnsan kimi hərəkət edə bilən ən müasir robotlar ABŞ ordusunda da xidmətə başlayıb. ABŞ Müdafiə Nazirliyinin Perspektiv Layihələr və Tədqiqatlar İdarəsi (DARPA) “Boston Dynamics” şirkəti ilə birgə hazırladığı robot “PETMAN” (Protection Ensemble Test Mannequin) adın daşıyır.

“PETMAN” insan kimi hərəkət edən, ilk insanabənzər robotdur. “PETMAN” kimyəvi vasitələrə qarşı müdafiəni təmin etmək üçün əsgərlər tərəfindən istifadə olunan xüsusi geyimləri sınaqdan keçirmək üçün hazırlanan humanoid robotdur.

Robot müvazinətini itirmədən yeriyə, qaça, əyilə bilir. Hətta bu robotların qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi qabiliyyəti də var. Robotların çəkisi 80 kiloqram, hündürlüyü isə 175 santimetrdir.

“PETMAN” robotun funksiyaları, imkanları və davranış qaydaları hələ də inkişaf etdirilir. Bu robotdan gələcəkdə ABŞ Ordusunun digər xidmət sahələrində də istifadə olunması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş