Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində biri general olmaqla 13 hərbçi şəhid olub

Türkiyənin Uludərə rayonunun Şenoba bölgəsindən havaya qalxan “Cougar” AS532 axtarış-xilasetmə helikopteri qısa bir müddət sonra yüksək gərginlik xəttinə dəyərək yerə düşüb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.

Mayın 31-də Türkiyə Silahlı Qüvvələrinin Şırnak/Şenoba Briqada Komandanlığından havaya qalxan, içərisində 13 hərbçinin olduğu “Cougar” helikopteri 3 dəqiqə sonra, yerli vaxtla saat 20:55 radələrində yüksək gərginlik xəttinə dəyərək qəzaya uğrayıb.

Hadisə yerinə helikopter və zirehli maşınlarla çox sayda hərbçi və təcili yardım briqadaları cəlb olunub.

Sərhəd Diviziya Komandanı, general-mayor Aydoğan Aydın, həmçinin polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterdən çıxarılan 13 hərbçinin nəşi Şırnak Dövlət Xəstəxanasının morquna yerləşdirilib.

Türkiyənin milli müdafiə naziri Fikri İşıq hadisə ilə əlaqədar araşdırmalarda iştirak etmək üçün Şırnaka yollanıb.

Qeyd edək ki, Türkiyədə bu günə qədər Fransa istehsalı olan “Cougar” AS532 axtarış-xilasetmə helikopterlərinin üç qəzasında 28 hərbçi şəhid olub.

KATEQORIYA:
Bu xəbəri paylaş