Türkiyənin Jandarm Qüvvələrinin Komandanının Azərbaycanda görüşləri başlayıb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin Jandarm Qüvvələrinin Komandanı, ordu generalı Qalip Mendinin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-dən Azərbaycanda rəsmi səfərdədir.

Bu barədə “AzeriDefence”yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində mayın 4-də Q. Mendi və onu müşayiət edən şəxslər Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksini, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının məzarlarını, həmçinin “Türk şəhidliyi”ni ziyarət ediblər.

Daha sonra, general-polkovnik R. Usubov ordu generalı Q. Mendinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

R. Usubov müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələr arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu xatırladıb.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərinin daha da inkişaf etdirməsinə böyük önəm verdiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarım Komandanlığının böyük zəhməti olduğunu vurğulayıb.

Daha sonra qonaqlara mövcud kriminogen durum, Azərbaycanın müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, 1 milyondan artıq soydaşın qaçqın düşməsi, ölkədə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib.

Görüşdə qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə sabitlik yaradılıb.

R. Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin Azərbaycanda da diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

R. Usubov Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Jandarm Qüvvələrinin Baş Komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer alacağını, Ordunun, Daxili Qoşunların güclənməsindən qürur duyduqlarını, onların inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin hər iki xalqın mənafelərinə xidmət etdiyini vurğulayıb.

Sonda bir sıra digər məsələlər də müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş