Türkiyənin “Fırtına” haubitsaları sifariş sayına görə dünyada 6-cı oldu

Dünya üzrə 2013-2016-cı illərdə 473 ədəd özüyeriyən haubitsanın satışı proqnozlaşdırılır. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Rusiyanın nüfuzlu Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) proqnozlarında bildirilib. SAMTO-nun qiymətləndirmələrinə görə, açıqlanmış müqavilələrin və tenderlərin ümumi dəyəri 2,7 milyard ABŞ dolları təşkil edir. Analizlərə görə, verilmiş sifarişlər üzrə 2009-2012-ci illər ərzində ümumi dəyəri 1,5 milyard dollar təşkil edən 328 ədəd özüyeriyən artilleriya sisteminin satışı reallaşıb.

Yeni özüyeriyən topların təchizatçılarının reytinqində birinci yeri 188 ədəd sifarişlə Cənubi Koreya istehsalı olan 155 mm çaplı K-9 “Thunder” tutur. Sifarişlərin ümumi həcmi 626.7 milyon ABŞ dollarıdır. 2009-2012-ci illərdə bu sifariş üzrə 96 ədəd haubitsa sifarişçiyə çatdırılıb. Qalan 92 haubitsanın çatdırılması 2016-cı ilədək baş tutacaq.

Reytinq cədvəlində ikinci yerdə Fransa istehsalı olan 155 mm çaplı “Caesar” haubitsası (172 ədəd – 902 milyon dollar dəyərində) qərarlaşıb. Bu sifariş üzrə 108 haubitsa 2009-2013-cü illərdə sifarişçiyə çatdırılıb. Qalan 64 haubitsa isə 2013-2016-cı illərdə çatdırılacaq.

Üçüncü yerdə Rusiya istehsal olan 152 mm çaplı 2S19 “Msta-S” haubitsaları (84 ədəd – 270 milyon dollar) dayanır. 2009-2012-cii illərdə 27 ədəd haubitsa sifarişçiyə çatdırılıb. 2013-2016-cı il üçün sifariş portfeli 57 vahid təşkil edir.

Dördüncü yerdə Almaniya istehsalı olan 155 mm çaplı PzH-2000 (64 ədəd – 659.5 milyon dollar) qərarlaşır. 2009-2012-ci illərdə bunlardan 40 ədəd haubitsa sifarişçilərə çatdırılıb. 2013-2016-cı illər üzrə sifariş portfeli 24 vahid təşkil edir.

Beşinci yerdə Çin istehsalı olan 155 mm çaplı PLZ-45 və SH1 (51 ədəd – 330 milyon dollar) durur. 2009-2012-ci illərdə sifariş üzrə 33 artilleriya sistemi çatdırılıb. 2013-2016-cı il üçün sifariş portfeli 18 vahid təşkil edir.

Altıncı yerdə Türkiyə istehsalı olan 155 mm çaplı T-155 “Fırtına” haubitsaları dayanır. 2014-1015-ci illərdə Türkiyə Azərbaycana 36 ədəd (200 milyon dollar dəyərində) “Fırtına” haubitsası ixrac etməlidir.

Yeddinci yerdə Serbiya istehsalı olan 155 mm çaplı NORA B-52 haubitsası dayanır. BƏƏ və Banqladeş tərəfindən ümumilikdə 80 milyon dollar dəyərində 30 ədəd haubitsa sifariş verilib. 2009-2012-ci illərdə 9 haubitsa sifarişçilərə çatdırılıb. Qalan 21 ədəd haubitsa isə 2013-2016-cı illərdə çatdırılacaq.

Səkkizinci yerdə İsrail istehsalı olan 155 mm çaplı ATMOS-2000 (27 ədəd – 79 milyon dollar) dayanır. 2009-2012-ci illərdə 15 haubitsa çatdırılıb. 2013-2016-cı illər üçün sifariş portfeli 12 vahid təşkil edir.

Siyahıya müxtəlif ölkələrdə istehsal edilən fərqli modellər də yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş