Türkiyənin “Kirpi”si Qazaxıstan və Fransada özünü göstərəcək

Türkiyənin BMC şirkəti istehsal etdiyi “Kirpi” adlı minaya qarşı qorumalı nəqliyyat vasitəsini (MRAP) Asiya ölkələri bazarına təqdim etməyə hazırlaşır. “AzeriDefence”nin məlumatına görə, bu barədə “Anadolu” agentliyinə BMC şirkətinin Müdafiə Sənayesi və Özəl Layihələr Bölməsinin rəhbəri Nadi Postoğlu bildirib.

MRAP-ın 70% Türkiyədə istehsal olunduğunu deyən N. Postoğlunun sözlərinə görə, 13 əsgəri daşıma imkanına malik “Kirpi” mina partlayışlarına və balistik təhdidlərə qarşı yüksək qoruma nümayiş etdirib. Xüsusilə də Şərqi Anadoludakı əməliyyatlarda bir çox təhlükələrə məruz qalan MRAP bütün hallarda əsgərlərin qorunmasını təmin edib.

Afrika ölkələrinin də hədəf bazar olaraq müəyyənləşdirdiklərini deyən Postoğlu, “Kirpi”nin dünyanın müxtəlif ölkələrində keçiriləcək hərbi sərgilərdə nümayişə çıxarılacağını vurğulayıb.

“Kirpi” ilk olaraq mayın 3-dən 6-dək Qazaxıstanda keçiriləcək KADEX-2012 sərgisində nümayişə çıxarılacaq. Bu sərgi çərçivəsində BMC yetkililərinin Pakistan, İndoneziya, Malyaziya, Filippin və Banqladeş hərbçiləri ilə görüşləri planlaşdırılır.

Bundan sonra isə “Kirpi” iyun ayının 11-dən 15-dək Parisdə “Eurosatory – 2012” sərgisində tanıdılacaq.

”Yeni zirehli döyüş maşınımız var. Onun adını “Vuran” qoymuşuq. Ən yaxşı müdafiə hücumdur düşüncəsinə dayanaraq, fərqli döyüş sistemlərinin inteqrasiya ediləcəyi, gərəkirsə tankla döyüşə biləcək zirehli maşınlar istehsalına davam edəcəyik”, – deyə N. Postoğlu vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycan, Bosniya və Hersoqovina, Makedoniya, Pakistan daxil olmaqla 13 ölkənin Silahlı Qüvvələri tərəfindən BMC istehsalı olan taktik nəqliyyat vasitələri istifadə olunur.

Qeyd edək ki, 4×4 təkər formuluna malik “Kirpi” mina və balistik təhdidlərə qarşı dayanıqlıdır. Maşın CTIS mərkəzi təkər şişirtmə sistemi (təkər partladıqda imkanlar hesabına 40 km gedə bilir), run /flat təkərlər, avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. Birbaşa 800 km məsafə qət edə bilən “Kirpi”nin üzərinə müxtəlif silah sistemlərini qurmaq mümkündür. Türkiyə Silahlı Qüvvələri üçün “Kirpi”nin 2,5, 5 və 10 ton çəkili modelləri istehsal edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş