Türkiyənin tapança ixracatı: coğrafiya genişlənir

Yüngül atıcı silahların, xüsusilə də tapançaların istehsalı Türkiyə müdafiə sənayesində özünəməxsus yer tutur.İxracat və daxili bazarda satış rəqəmlərinin təhlilləri göstərir ki, son 5 ildə Türkiyə tapança ixracatı sahəsində dünyanın aparıcı ölkələri arasında yer almaqla yanaşı, yeni bazarlarda sürətli genişlənmə prosesini yaşayır. Hazırda bu ölkədə tapança istehsalı ilə MKE, TİSAŞ, Sarsılmaz, Samsun Yurt Savunma, Girsan, Arsan, Asilsan Silah Sanayi kimi ixtisaslaşmış firmalar məşğul olurlar. Adıçəkilən firmaların bəziləri Türkiyədə dünyanın tanınmış tapança markalarının istehsalını lisenziya əsasında Türkiyədə uğurla reallaşdırmaqdadırlar. Asilsan A.Ş. tərəfindən Belçikanın “Browning 14” modeli “Atmaca 53”, Arsan şirkəti tərəfindən Cənubi Koreyanın “Daewoo PD-51” modeli “Şahin 2000” və “Şahin 08 Light” adı ilə istehsal olunur.
Analizlər göstərir ki, son illərdə Türkiyədə tapança istehsalında baş verən sürətli yüksəliş iki faktorla – ölkə daxilində və dünya bazarında bu silahın satışındakı artımla bağlıdır. MKE-nin məlumatına görə, bu firma 2012-ci ildə ölkə daxilində 30 mindən artıq tapança satıb və satışda əvvəlki illə müqayisədə 54% artım yaşanıb. Müqayisə üçün bildirək ki, MKE 2008-ci ildə 19623, 2009-cu ildə 19 302, 2010-cu ildə 17 329, 2011-ci ildə 19 575 tapança satıb. İkinci tərəfdən, keyfiyyət baxımından beynəlxalq bazarlarda xarici rəqibləri ilə rəqabət aparan Türkiyə tapançaları qiymət baxımından da əlçatan hesab olunur. Hazırda Türkiyə tapançaları ABŞ daxili bazarında seçimi edilən az sayda xarici silahlardandır.

İxracatda azalma proqnozu

BMT Adi Silahlar Registrinə Türkiyə hökumətinin təqdim etdiyi hesabatlara görə, rəsmi Ankara 2008-2012-ci illərdə xaricə 132556 ədəd tapança satıb. 2008-ci illə müqayisədə 2010 və 2012-ci illərdə tapança ixracatında müəyyən azalma tendensiyaları yaşanıb. ABŞ-da yaşanan son olaylar və bu ölkədə silah satışına tətbiq olunan müəyyən məhdudiyyətlərin 2013-2014-cü illərdə ixracatının böyük hissəsi bu ölkəyə olan türk firmalarının satışlarına da mənfi təsir göstərəcəyini deməyə əsas verir. Lakin jurnalımıza danışan Türkiyə müdafiə sənayesi yetkililəri son illərdə Afrika və Latın Amerikası regionunda aktivləşmə və alınmış sifarişlər hesabına bu fərqin nəzərə çarpacaq səviyyədə olmayacağını düşünürlər.

Regionlar üzrə təhlillər göstərir ki, 2008-ci ildə ixrac olunan tapançanın (44 775 ədəd) 49.4%-i Asiya regionuna (22 145), 40.9%-i Amerika regionuna (18 345), 7.1%-i Afrika regionuna (3 207), 2.4%-i isə Avropa regionuna (1 078) satılıb. 2010-cu ildə tapança ixracatının (43 898 ədəd) 52.6%-i Asiya (23 099), 37.4%-i Amerika (16 457), 8.3 %-i Afrika (3666), 1.5%-i Avropa (672) və 0.009%-i Avstraliya – Okeaniya (4) regionunun payına düşüb. 2012-ci ildə isə tapança ixracatının (43 883 ədəd) 26.8%-i Asiya (11 762), 53.5%-i Amerika (23 510), 4%-i Avropa (1 757) və 15.6%-i Afrika (6 854 ədəd) regiona olub. Ümumilikdə tapança ixracatında ilk üçlüyü ABŞ, Pakistan və Suriya tutub.

Postsovet coğrafiyası 1.64% pay

Son illərdə postsovet respublikalarından da Türkiyə istehsalı olan tapançalara maraq müşahidə olunmasına baxmayaraq, digər coğrafiyalardan fərqli olaraq Türk firmaları bu regionda Azərbaycan istisna olunmaqla, hələ ki bazarı Rusiya, Ukrayna, Çexiya, Avstriya, İsveçrə və İtaliya firmalarına böyük fərqlə güzəştə getməkdədirlər.
Rəsmi statistikaya görə, 2008-2012-ci illərdə Türkiyə firmaları tərəfindən postsovet respublikalarına 2186 tapança satılıb. Bu Türkiyənin ümumi tapança ixracatının cəmi 1.64%-i deməkdir. İxracın əsas hissəsi – 1959 ədədi Azərbaycana olub. Sonrakı yerlərdə Gürcüstan (293 ədəd), Moldova (25), Qazaxıstan (5) və Qırğızıstan (3) dayanıb. Müqayisə üçün bildirək ki, təkcə Qazaxıstan 2012-ci ildə Bolqarıstandan 144, Avstriyadan 510, Çexiyadan 133, Slovakiyadan 325 tapança satın alıb. Rəsmi məlumatlar aradakı fərqi açıq-aydın göstərir.
Qeyd edək ki, MDB məkanında Azərbaycan Türkiyə ilə birlikdə ölkə daxilində tapança istehsalını reallaşdırır. Müdafiə Sənayesi Nazirliyinin Şərq İstehsalat Birliyi Türkiyənin TİSAŞ şirkəti ilə üç – “Zəfər”, “Zəfər-K” və “İnam” adlı tapança modellərini istehsal etməkdədir. Hazırda bununla paralel olaraq, Azərbaycan tərəfi TİSAŞ ilə polimer gövdəli tapançaların da Bakıda istehsalı layihəsini nəzərdən keçirir. TİSAŞ Qaradəniz Texniki Universiteti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində hazırlanmış polimer gövdəli “ZIG P06” və “ZIG P17” modellərini cari ilin əvvəllərində daxili bazarda satışa təqdim edib. Sözügedən modellərin Azərbaycanda istehsalı üçün 10 ədəd polimer gövdəli tapança testlərin keçirilməsi üçün MSN-ə göndərilib.

Azad Hüseynov

AZERİ DEFENCE jurnalı №4 (06)

KATEQORIYA:
Bu xəbəri paylaş