Türkmənistan Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq istəyir

Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov Türkmənistanın Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəisi Seyitqulu Bayseyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlaması barədə danışan Qüdrət Qurbanov vurğulayıb ki, yoxlamanın nəticələrinə əsasən Azərbaycan 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub.

Q.Qurbanovun sözlərinə görə, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, ARDDA-nın tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.

Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun gələn il Türkmənistanın Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasında audit yoxlaması keçirəcəyinə toxunan Q.Qurbanov qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsədilə Azərbaycanda səfərdə olan Türkmənistan nümayəndə heyətinə bu istiqamətdə lazımi mütəxəssis köməyi göstəriləcəyini bildirib.

S.Bayseyidov Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamsının nəticələri Beynəlxalq Dəniz Təşkilatının hesabatlarında qeyd olunduğunu və Azərbaycanın bu uğuru Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb olduğunu deyib.

ARDDA-nın liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin təşkili, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyəti, dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi digər tədbirlərlə bağlı mövcud təcrübəsindən yararlanmağa ehtiyac var deyən qonaq Tükmənistan və Azərbaycan Dövlət Dəniz Administrasiyaları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Görüşdə bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Türkmənistan nümayəndə heyəti, Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılan, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilən Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış oldular.

KATEQORIYA:
Bu xəbəri paylaş