Türkmənistan Çindən DWL002 radiolakasiya kompleksi alıb

Türkmənistan Çin hərbi texnikalarını almağa davam edir.

“AzeriDefence”nin “East Pendulum” nəşrinə istinadən verdiyi xəbərə görə, Türkmənistan Çindən son olaraq DWL002 radiolakasiya (RLS) kompleksi alıb.

Bildirilib ki, Çinin “CETC International” şirkətinin istehsalı olan DWL002 radiolakasiya stansiyası Türkmənistanın hava hücumundan müdafiəsini təmin etmək üçün satın alınıb.

DWL002 radiolakasiya kompleksi hava, dəniz və yerüstü hədəfləri aşkar edir. Sistem bir əsasdan və avtomobil şassisi üzərində iki köməkçi stansiyadan ibarətdir. Stansiyalar bir-birindən bir qədər məsafədə yerləşirlər.

Türkmənistan bundan əvvəl Çinin “CETC International” şirkətinin istehsalı olan RLS YLC-18 və RLS YLC-2V-ı üçkoordinatlı radiolokasiya stansiyasını alıb. Bundan başqa Türkmənistanın Çindən aldığı FM-90, KS-1A və FD2000 zenit raket kompleksləri də (ZRK) hava hücümundan müdafiə bölmələrinin döyüş növbətçiliyinə yerləşdirilib.

Çin KİV-də yer alan məlumatlara əsasən, DWL002 stansiyasının elementlərinin sifarişçiyə çatdırılmasına 2016-cı ildə başlanılıb. 2017-ci ilin sentyabrında Türkmənistana sözügedən stansiyanın qurulması və düzülüş yerində onun işləmək qabiliyyətinin yoxlanması üçün zavod briqadası gəlib.

Qeyd edək ki, adı bir sıra ölkələrarası qalmaqallarda hallanan “CETC İnternational” şirkəti hazırda postsovet bazarına daxil olmaq üçün ciddi işlər aparır. Şirkət Türkmənistanla yanaşı Özbəkistana da radar sistemləri, rabitə vasitələri və radioelektron mübarizə vasitələrinin satışını reallaşdırıb. Şirkət eyni zamanda Azərbaycana da özünün radioelektron mübarizə sistemlərini təklif edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş