TURMAKS firması Azərbaycan Ordusunu Mobil Hospitalla təchiz edib

Türkiyənin TURMAKS firması Azərbaycan Müdafiə Nazirliyinin sifarişi əsasında Mobil Səhra Hospitalının çatdırılmasını yekunlaşdırıb. Bu barədə “AzeriDefence” TURMAKS firmasının saytına istinadən məlumat verib.

Hospitalın təhvili ilə yanaşı onun qurulması üçün Azərbaycan tərəfinə təlimlər başa çatdırılıb: “Dizayn və dəyişiklikləri ötən ilin sonlarında tamamlanan hospitalın istehsalı 2013-cü ilin əvvəllərindən etibarən 6 ayylıq qısa bir zaman kəsiyində tamamlanaraq, önəmli nailiyyətə imza atıldı”.

Qeyd edək ki, Mobil Səhra Hospitalı iyunun 25-də prezident İlham Əliyevə nümayiş etdirilib. 2,5 min kvadratmetr sahədə açılan mobil hospitalda gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gəlməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş