TUSAŞ modernizasiya etdiyi F-16-lar Pakistan Hava Qüvvələrinə təhvil verdi

Türkiyənin TUSAŞ şirkəti (Türk Havaçılıq və Kosmos Sənayesi) tərəfindən Pakistan Hava Qüvvələrinin (PAF) “Peace Drive II” proqramı çərçivəsində modernizasiya olunmuş F-16 təyyarələri bu gün Pakistana təhvil verilib. Bu barədə “AzeriDefence” saytına TUSAŞ şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Təyyarələrin təhvil-təslim mərasimində Türkiyə müdafiə nazirinin müavini Həsən Kamal Yardımçı, Pakistanın Ankaradakı səfiri Məhəmməd Şövkət Harun, Pakistan Hava Qüvvələri komandanının müavini, general-polkovnik Asim Suleiman, Türkiyə Silahlı Qüvvələri Gücləndirmə Fondunun direktoru Heyrətdin Uzun, müdafiə sənayesi müşaviri Murad Bayar, həmçinin Türkiyə və Pakistan Hava Qüvvələrinin yüksək rütbəli zabitləri qatılıblar.

Şirkətin məlumatında qeyd olunur ki, dünyanın tanınmış firmalarının mübarizə apardığı “Peace Drive II” proqramında tenderi qazanmış TUSAŞ və Pakistan Müdafiə Nazirliyi arasında F-16 təyyarələrinin modernizasiyasına dair müqavilə 2009-cu ilin iyun ayında imzalanıb. Proqram çərçivəsində TUSAŞ-ın müəssisələrində PAF-a aid 41 ədəd F-16 təyyarəsinin aviyonikası və strukturu modernizasya olunmalıdır. Modernizasiyadan sonra təyyarələrin uçuş testləri TUSAŞ-ın F-16 test pilotu tərəfindən reallaşdırılır. 2010-cu ilin oktyabr ayında başlayan proqramın 2014-cü ilin sentyabr ayında tamamlanması nəzərdə tutulur. Modernizasyada istifadə edilən detallar və digər sistemlər PAF ilə ABŞ hökuməti arasındakı müqavilə çərçivəsində, digər hissəsi isə TUSAŞ tərəfindən təmin edilir.

Proqram üzrə TUSAŞ tərəfindən Pakistan Hava Qüvvələrinin 72 texnikinə modernizasiya sahəsində təhsil verilir.

Qeyd edək ki, 1984-cü ildə Türk Hava Qüvvələri üçün F-16 təyyarələrin ortaq istehsal proqramını reallaşdırmaq məqsədi ilə qurulan TUSAŞ F-16 təyyarələrinin istehsalı, yığımı və modernizasiyası sahəsində təcrübəsinə və fəaliyyətinə görə azsaylı firmalardan biridir. TUSAŞ, İordaniya Hava Qüvvələrinin F-16 təyyarələrinin modernizasiyasını müvəffəqiyyətlə tamamlayıb. Hazırda şirkət tərəfindən Türkiyə Hava Qüvvələrinin 175 ədəd F-16 təyyarəsinin modernizasiyası həyata keçirilməkdədir.

KATEQORIYA:
Bu xəbəri paylaş