TUSAŞ şirkətinin baş direktoru: Azərbaycan rəsmiləri ATAK zərbə helikopterimizə böyük maraq göstərir

TUSAŞ şirkətinin baş direktoru: Azərbaycan rəsmiləri ATAK zərbə helikopterimizə böyük maraq göstərir

Dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti sırasında yer alan Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) şirkəti hər il mövqelərini möhkəmlədərək daha da irəliyə doğru addımlayır. TUSAŞ-ın sıfırdan yaratdığı, son illərdə Türkiyə Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlarda uğurla istifadə edilərək özünü doğrultmuş T-129 ATAK zərbə helikopteri və “Anka” pilotsuz uçuş aparatının ixracına dair bir neçə ölkə ilə müqavilələr imzalanıb. Şirkətin istehsalı olan “Hürkuş” təlim təyyarəsi və hədəf dronlar da bu gün Silahlı Qüvvələr tərəfindən aktiv istifadə edilməkdədir.

TUSAŞ şirkətinin baş direktoru cənab Təməl KOTİL ilə müsahibəmizdə TUSAŞ-ın mövcud və perspektiv layihələri, Azərbaycanla bağlı perspektiv planlarına dair suallarımıza cavab almağa çalışdıq.

– Cənab direktor, müsahibəmizə TUSAŞ-ın mövcud layihələri ilə bağlı başlamaq istərdik. Öncə azərbaycanlı oxucularımız üçün TUSAŞ-ın Türkiyə müdafiə sənayesindəki yeri və rolu barədə məlumat verməyinizi xahiş edirik.

 – Aviasiya və kosmos sənayesində dünya üzrə ilk 100 şirkət arasında yer alan Türk Aviasiya və Kosmos Sənayesi – qısaldılmış şəkildə ifadə etsək TUSAŞ ölkəmizin müdafiəsinə verdiyi töhvələrə hər gün bir yenisini əlavə edir. Bu gün “Airbus” və “Boeing” kimi aviasiya sahəsində dünyanın ən böyük şirkətləri üçün komponentlərin istehsalını həyata keçiririk. Xüsusilə son 3 ildə gerçəkləşdirdiyi layihələrlə TUSAŞ iki dəfədən çox böyüyərək, müdafiə sənyesi sektorunda güclü bir həmlə etdi.

Təyyarə, helikopter və kosmos sahələrində də son dönəmdə önəmli inkişaflar yaşayırıq. “Hürkuş” təlim təyyarəmiz uçuşlarına davam edərkən, T-129 ATAK zərbə helikopterlərinin seriyalı istehsalı və Quru Qoşunlarımıza çatdırılması sürətlə davam edir. Bununla birlikdə T625 “Gökbəy” çoxməqsədli helikopterimizin sertifikasiya uçuşları başladı. “Gökbəy”in seriyalı istehsalı üçün günlər sayılır.

Pilotsuz uçuş aparatlarında “Anka” və “Anka-S” ilə ölkəmizin müdafiəsinə töhvə vermək üçün çalışmalarımıza davam edirik. Mühəndislərimizin və texniklərimizin uzun çalışmaları nəticəsində yüksək faydalı yük həcminə sahib “Aksunqur”un da test uçuşları davam edir.

Kosmik sistemlər sahəsində orbitdə “Göktürk 1” və “Göktürk 2” olmaqla iki peykimiz mövcuddur. TÜRKSAT 6-A-nın yaradılmasına davam edirik. Kosmos sahəsində son dönəmdə gerçəkləşdirdiyimiz digər bir layihəmiz isə “Small-GEO” rabitə peykimizin istehsalıdır. Argentinanın texnologiya şirkəti INVAP ilə TUSAŞ-ın birgə müəssisəsi olan “GSATCOM Space Technologies”  kiçik GEO peykləri inşa etmək və beynəlxalq pazarlara istehsal ediləcək məhsulların marketinqi məqsədi ilə quruldu. GSATCOM yeni layihə və texnologiyaları inkişaf etdirmək üçün araşdırma və məhsulların yaradılması fəaliyyətlərinə davam edir.

Keçdiyimiz aylarda dünya helikopter sektorunun ən önəmli forumları arasında yer alan Asiya-Avstraliya Helikopter Forumunu TUSAŞ-ın sponsorluğunda Türkiyəyə gətirdik. Foruma sektorun uzmanı olan çox sayda məruzəçi qatıldı. Müdafiə sənayemizdən geniş iştirakın olduğu Forumu dünyadan çox sayda ziyarətçi də izlədi.

– Mövcud hava platformalarına əlavə olaraq üzərində işlər davam edən ağır sinif hücum helikopteri, çoxməqsədli helikopter, “Aksunqur”, “Hürkuş-C” və “Anka-S” layihələrində bu gün gəlinən nöqtələrlə bağlı nələri söyləyə bilərsiniz?

 – Yeni layihələrimizlə müdafiə və aviasiya sektorunda dünya markası olmaq idealımızı daha da möhkəmlətməkdəyik. İndi gələk bəhs etdiyiniz layihələrə. Bu barədə bəzi məlumatlar vermək istəyirm:

“Hürkuş” təyyarəsinin silahlı versiyası olan “Hürkuş-C”nin yaradılması istiqamətində işlər sürətlə davam edir. “Hürkuş-C”nin pilotların təlimləri ilə yanaşı yüngül hücum təyyarəsi olaraq da istifadəsi nəzərdə tutulur. Digər tərəfdən, dünyanın ən yaxşı operativ pilotsuz uçuş aparatı olan “Anka”nın füzelyajı əsas götürülərək yaradılmış, uçuş sınaqları hazırda davam edən “Aksunqur” pilotsuz uçuş aparatımız havada daha çox qalma imkanı və daha çox faydalı yük həcmi ilə dünyada adından söz etdirəcək.

Bunlarla yanaşı reaktiv mühərrikli “Hürjet” yüngül hücum təyyarəsinin 2023-cü ildə uçuş sınaqlarına başlanması üçün çalışmalarımız sürətlə davam edir. “Hürjet”in Türkiyə Silahlı Qüvvələrinin istifadəsində mövcud olan F-16 təyyarələrinə yaxın hava dəstəyində istifadəsi nəzərdə tutulur.

– Türk Milli Döyüş Təyyarəsi (MMU) proqramı hansı mərhələdədir? Layihə prototipinin ilk uçuşu nə zamana planlaşdırılır? Layihədə Türkiyə xaricindən iştirakın olması və bunu JSF bənzəri bir proqrama çevrilməsi ehtimalı necədir?

Bu gün dünyada sadəcə ABŞ, Rusiya və Çinin dizayn və istehsalını həyata keçirdiyi, Türkiyənin ən böyük layihəsi olan MMU adlandırdığımız beşinci nəsil döyüş təyyarəsinin yaradılması üçün ciddi bir səfərbərlik başlamışıq. Hazırkı mərhələdə layihənin həyata keçirilməsinə savadlı, təcrübəli mühəndislərin cəlb olunması davam edir. İşçi qüvvəsi ilə texnologiyanın vəhdəti hesabına istehsal prosesini gerçəkləşdirəcəyik. Tamamını yerli və milli imkanlarla inkişaf etdirmək üçün ciddi səylər göstərdiyimiz Milli Döyüş Təyyarəmizin hal-hazırda bəlli sistemlərinin aerodinamik testləri başladı. Təyyarənin 2023-cü ildə anqardan çıxması, 2025-ci ildə uşuş sınaqlara başlanması və 2030-cu ildə isə ilk təyyarənin silahlı qüvvələrin istifadəsinə verilməsi istiqamətində ciddi işlər davam edir.

– Azərbaycanla görüşülən bir neçə layihə barədə TUSAŞ yetkililəri əvvəlki illərdə danışmışdılar. Xüsusilə “Hürku.”, “Anka-S” və T-129 ATAK helikopterləri ilə Azərbaycanın ciddi şəkildə maraqlandığı bildirilirdi. Bir neçə ay əvvəl –  sentyabr ayında keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TURAZ Qartalı” təlimində T-129 ATAK helikopteri Azərbaycan şərtlərində test edildi. Bu görüşmələrin reallaşma imkanı nə qədərdir?

Qeyd etdiyiniz TURAZ-2019 təlimində T-129 ATAK zərbə helikopteri Azərbaycan şərtlərində üstün qabiliyyətlərini sərgiləmək fürsəti qazandı. Azərbaycan Hərbi Hava Qüvvələrinin rəsmiləri ATAK zərbə helikopterimizə böyük maraq göstərdilər. Helikopterin texniki-taktiki xüsusiyyətləri barədə hərbi heyətə məlumatlar verildi. Azərbaycanda “Anka-S”in nümayiş uçuşlarının icra edilməsinə yönəlmiş görüşmələrimiz davam edir. Hava platformalarımızla bağlı bu proseslər davam edərkən, TUSAŞ Uçuş Məktəbi Akademiyasında PPl-H baza təməl təhsilin verilməsi üçün də görüşmələrimiz mövcuddur.

 

– Qazaxıstanda TUSAŞ yerli “Kazakistan Engineering” şirkəti ilə pilotsuz uçuş aparatlarının istehsalına dair anlaşma memorandum imzalamışdı. Lakin Qazaxıstan tərəfi bir neçə ay əvvəl digər şirkətlə müqavilə imzaladı. Bu layihənin reallaşmamasına səbəb nə oldu?

Qazaxıstanın müvafiq qurumları ilə “Anka” pilotsuz uçuş aparatlarının birgə istehsalının həyata keçirilməsinə dair görüşmələrimiz hazırda davam edir. Eyni zamanda, Qazaxıstandakı müdafiə sənayesi şirkətləri ilə birgə istehsala istiqamətlənmiş dəyərləndirmə və təklif prosesləri gedir. Bununla yanaşı, KADEX-2018 sərgisində “Anka” üçün imzalanan anlaşma memorandum çərçivəsində də qarşılıqlı maddələr üzərində işlər aparılır.

– Yenə Azərbaycanla bağlı məsələyə qayıdaq. Azərbaycanla həm də hədəf dronlarla – əvvəlki illərdə “Durna” və indi “Şimşək”lə bağlı görüşmələrə başladınız. Bununla bağlı, özəlliklə hədəf dronlarınızın imkan və qabiliyyətləri, texniki-takktiki xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirik.

Azərbaycan Hərbi Hava Qüvvələri ilə “Şimşək” yüksək sürətli hədəf təyyarələri ilə bağlı görüşmələrimiz mövcuddur. Önümüzdəki günlərdə “Şimşək” sisteminin Azərbaycana göndərilməsi, “Şimşəy”in uçuş nümayişi, atışlı və atışsız olmaqla, zenit-raket komplekslərinə qarşı tətbiqi nəzərdə tutulur. “Şimşək” sisteminin Azərbaycanda sınaqlarından sonra ortaq istehsalı ilə bağlı Azərbaycanın müdafiə sənaye şirkətləri ilə əməkdaşlığın yaradılmasını düşünürük.

– Azərbaycanla gələcək illərdə əməkdaşlıq potensialınızı necə görürsünüz?

Azərbaycan məqamları ilə keçirilən görüşmələrin sonunda, ən yaxın müttəfiqimiz Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviasiya sahəsində ehtiyaclarının yerli imkanlarla yaratdığımız “Anka” və “Aksunqur” pilotsuz uçuş aparatlarımız, “Hürkuş” və “Hürkuş-C” müasir təlim təyyarələrimiz, “Hürjet” yüngül hücum təyyarəsi, “Şimşək” yüksək sürətli hədəf təyyarələrimiz və son günlərdə gündəmdə olan rabitə və nəzarət peyk layihələrimiz ilə ilə uzun müddət qarşılaya bilərik. Uzunmüddətli əməkdaşlığımızın sürətləndirilməsinin digər Türkdilli dövlətlərə də örnək təşkil edə biləcəyini düşünürük.

– Sonda əlavə etmək istədiyiniz nələrsə varmı?

Təşəkkür edirəm!

Mehmet Demirkol

AZERİ DEFENCE jurnalının Türkiyə bürosu

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş