Uğursuz tank layihəsi – Hitlerin hesabına parlayan PORSCHE

Uğursuz tank layihəsi – Hitlerin hesabına parlayan PORSCHE

“Porsche” – çoxlarımızın arzusundayıq ki, bu markanın sahiblərindən olaq. Bir çox parametləri, müasir və özünəməxsus dizaynı, üstün performansları ilə önə çıxan bu avtomobil XX əsrin əvvəllərində məşhur avtomühəndis Ferdinand Porşenin (Porsche) adını daşıyır.

“Porsche”ni bir dünya brendi kimi qəbul edən avtomobil həvəskarlarının arasında çox az insan bilir ki, Almaniyanın “Daimler”, “Audi”, BMW, “Volkswagen” kimi məşhur avtomobil istehsalçıları kimi “Porsche”nin də ulduzunun parlaması II Dünya Müharibəsinə təsadüf edib. Nasist Almaniyasının lideri Adolf Hitlerlə yaxın dost olması Ferdinand Porşenin yüksəlişində həm maddi, həm də mənəvi baxımdan mühüm rol oynayıb.

Həyatı

1875-ci ildə Avstriyada doğulmuş F. Porşe gəcliyində benzin və elektriklə çalışan hibrid nəqliyyat vasitəsi olan “Lohner-Porsche”nin, “Volkswagen Beetle”nin və “Mercedes-Benz SS / SSK” kimi məşhur avtomobil markalarının müəllifi və konstruktoru olub. 1933-cü ildə Nasistlər hakimiyyətə gələnədək Avstriya və Almaniyada müxtəlif aparıcı avtomobil istehsalçılarında çalışan Porşenin ulduzunun parlaması Almaniya kansleri Adolf Hitlerlə 1933-cü il “Berlin Motor Show” sərgisindəki görüşündən sonra başladı.

Sərgini ziyarət edən Adolf Hitler irəli sürdüyü, gələcəkdə hər bir alman vətəndaşının əldə edə biləcəyi “xalq avtomobili” ideyası həmin dövrdə Avropa üçün ağlasığmaz idi. Lakin proqramı maliyyələşdirməyə qərar verən Alman hökuməti “Mercedes-Benz”ə illik 500000 Reyxsmark ayırdı.

1934-cü ilin iyununda Ferdinand Porşe Alman hökuməti ilə “xalq maşını” və ya “Volkswagen”in hazırlanmasına dair ilk müqaviləni imzaladı. Qısa müddətdə, bir il keçməmiş – 1935-ci ildə avtomobilin ilk iki prototipi tamamlandı və 1936-cı ildə seriyalı istehsalına başlandı. Avtomobil Hans Ledvinkanın “Tatra V570” və “Tatra 97” dizaynına bənzəyirdi. Bu və digər patentlərin icazəsiz kopyalanmasını əsas gətirən “Tatra” şirkəti Porşeni məhkəməyə versə də Almaniyanın Çexoslovakiyaya hücumu ilə əlaqədar məhkəmə dayandı. Lakin İkinci Dünya Müharibəsindən bir neçə il sonra “Volkswagen” buna görə “Tatra”ya təzminat ödəməyə məcbur oldu.

Nasistlər “Volksauto”nun yaradıcısı olan Porşeni “Böyük Alman Mühəndisi” adlandırıdılar. Hitler 1934-cü ildə Ferdinand Porşeni Almaniya vətəndaşlığı üçün müraciət etməyə çağırdı. Bir neçə gün sonra Porşe Ştutqartdakı Çexoslovak konsulluğunda Çexoslovakiya vətəndaşlığından imtina edən bəyannamə imzalayaraq Almaniya vətəndaşlığına qəbul edildi. Bundan 3 il sonra – 1937-ci ildə Ferdinand Porşe SS-nin yanında Milli Sosialist Alman İşçi Partiyasına  üzv oldu (5643287-ci üzv).

Və beləcə, SS-in dəstəyi ilə Porşenin inkişafı başladı.

1938-ci ildə Porşe üçün SS tərəfindən cangüdən və sürücülər ayrılmış, həmin il onun rəhbərliyi altında “SS Sturmwerk Volkswagen” adlı xüsusi bölmə qurulmuşdu. 1942-ci ildə Porşeyə SS-Oberführer rütbəsi verilib və müharibə illərində medallara layiq görülüb. Alman Ordusuna verdiyi töhvələrə görə, Porşe 1935-1945-ci illərdə “Wilhelm Exner”, “Müharibə töhfəsi”, “SS-Ehrenrig” medalları, həmçinin “Alman İncəsənət və Elm Mükafatı” (1938) ilə təltif olunub.

Alman hökumətinin dəstəyi ilə Porşe tərəfindən “Volkswagen” zavodu üçün üçün Fallersleben yaxınlığında yeni bir şəhər Stadt des KdF-Wagens quruldu. Lakin müharibə illərində burada yalnız hərbi “Kübelwagen” və “Schwimmwagen” modellərinin istehsalı həyata keçirildi.

1945-ci ilin noyabrında Porşedən Fransada “Volkswagen” dizaynını davam etdirmək və fabrik avadanlığını müharibə xərclərinin bir hissəsi olaraq oraya köçürmək tələb olundu. Fransada olarkən Porşe və “Renault”un rəhbəri, keçmiş müqavimət qəhrəmanı Pierre Lefaucheux ilə ciddi qarşıdurmanın yaranması, Fransa hökumətindəki ziddiyyətli baxışlar və fransız avtomobil sənayesinin etirazları səbəbindən “Volkswagen”in layihəsi başlamazdan əvvəl dayandı. 15 dekabr 1945-ci ildə Fransa hakimiyyəti Ferdinand Porşeni, Anton Piex və oğlu Ferri Porşeni  müharibə cinayətkarı olaraq həbs etdi. Lakin 6 ay sonra Ferri Porşe həbsdən buraxılsa da atası və A. Pieç həbsdə saxlandı. Atası həbsdə olduğu müddətdə Ferri şirkətinin fəaliyyətdə qalması üçün maşınlar, su nasosları və çənlərin istehsalını həyata keçirdi. Nəhayət bir milyon frank ödəmə edildikdən sonra, 22 ay həbsdə yatan Porşe və Pieç 1948-ci ildə azad edildi.

Həbsdən azad edildikdən sonra Ferdinand və Ferri Porşe tərəfindən soyadını daşıyan “Porsche 356” dizayn edildi. Yeni modelin istehsalına şirkətin yerləşdiyi Karintiyadakı köhnə köhnə mişar zavodunda başlandı və burada tamamilə əllə yığılmış 49 avtomobil istehsal olundu.

Porşe ailəsi 1949-cu ildə işlərini necə bərpa edəcəyini bilmədən Ştutqarta qayıtdı. Şirkətin zavodları Amerika embarqosu altında olduğundan banklar onlara kredit vermirdilər. Belə olan halda Ferri Porşe məhdud sayda istehsal edilmiş “Porsche 356” modelindən birini götürərək sifarişləri artırmaq üçün “Volkswagen” satıcılarına baş çəkdi. Satıcılardan sifariş edilmiş maşınlara əvvəlcədən ödəmələrini istədi. Beləcə, 1500 ədəd “Porsche 356” sifarişi alaraq Ferri Porşe şirkəti diriltdi və sonrakı 17 ildə 78000-dən çox “Porsche 356” istehsal edildi.

1950-ci ilin noyabrında Ferdinand Porşe İkinci Dünya Müharibəsinin bitməsindən sonra ilk dəfə “Volkswagen” fabrikinə baş çəkdi. Bir neçə həftə sonra insult keçirərək, 30 yanvar 1951-ci ildə dünyasını dəyişmişdir.

Porşenin Alman silah sənayesində iştirakı

II Dünya Müharibəsi illərində Almaniyanın hərbi sənayesinə böyük töhfələr verən Ferdinand Porşe VK-4501 (P), “Tiger I”, “Tiger II”, “Ferdinand” (qərb mənbələrində “Elefant”) tank əleyhinə özüyeriyən artilleriya qurğularının, həmçinin V-1 bombalarının istehsalında iştirak edib.

“Porsche” şirkəti 1941-ci il ortalarında VK-3001 (P) və ya “Type 100” ağır tankının təcrübi nümunəsini sınaqlara təqdim etmişdi. Lakin bir sıra çatışmazlıqlarla əlaqədar tank sınaqlardan keçmədi və Porşe layihədə xeyli dəyişikliklər edərək VK-4501 (P) adı verilmiş ağır tankın yeni variantını hazırladı. 100 mm qalınlığında zirehə sahib olan yeni tankın çəkisi 45 ton təşkil edirdi. VK-4501 (P) tankının prototipi və Porşe ilə rəqabət aparan “Henschel” şirkətinin layihəsi 1942-ci ilin aprel ayının 20-də Hitlerə təqdim edildi. Sınaqlardan sonra hərbi komissiyanın qərarına əsasən “Henschel” şirkətinin hazırladığı tank daha uğurlu sayılaraq Porşenin tankının üzərindəki qüllə ilə Vermaxtın silahlanmasına tövsiyyə olundu. Porşenin tankının seçilməməsində əsas səbəb elektrotransmissiya və o dövrdə çatışmayan böyük miqdarda mis tələb olunması idi. Buna baxmayaraq Porşe tərəfindən VK4501 (P) layihəli 10 tank istehsal edilmişdi.

Hakimiyyətlə münsibətlərinin yüksək səviyyədə olmasından arxayın olan Porşe tankının müsabiqdə qalib olacağına əmin idi və buna görə, əvvəlcədən öz hesabına 90 şassi istehsal etmişdi. “Henschel”in tankı seçildikdən sonra Porşe müəssisənin əlində qalan 90 şassini “Ferdinad” (Panzerjäger Tiger (P)) adlanan özüyeriyən tank əleyhinə kompleksə çevirdi. “Ferdinand” 88 mm çaplı uzun lüləli “Flak” topu ilə silahlanırdı.

“Ferdinand” özüyeriyən artilleriya qurğusu ilk dəfə Kursk döyüşündə istifadə olunmuşdu. Ağır çəkisi (60 ton), manevr qabiliyyətinin zəif olması ilk döyüşdən sonra bu maşınların təkmilləşdirilməsinə ehtiyac yaratdı. 1944-cü ildə hərbi texnikanın üzərində pulemyot quraşdırıldı. Komandirin qüllədəki yeri, topun yerləşməsi ilə bağlı məsələlər həll olundu. Sonradan özüyeriyən haubitsa Qərbi Ukraynada və İtaliyada döyüşlərdə iştirak etdi.

Müharibədən çox az sayda – cəmi “Ferdinand” sağ çıxa bildi. Hazırda bu artilleriya vasitələrindən biri Rusiyada Kursk döyüş muzeyində, digəri isə ABŞ-ın Aberdin şəhərində saxlanılır.

1943-cü ilin avqustunda Porşenin üç VK4501 (P) zirehli maşını “Tiger” adlı zirehli təmir-evakuasiya maşınına çevrilərək 653-cü tank qırıcıları batalyonunun tərkibinə verilmişdi.

Çəkisi 60 ton təşkil edən “Ferdinand”ın uzunluğu 9.54 metr, eni 3.40 m, hündürlüyü 2.90 metr təşkil edir. Hava ilə soyudulan, 2 ədəd 306 at gücündə “Porsche Type 101” benzin mühərriki ilə təchiz olunmuş “Ferdinand”ın sürəti 35 km/saat, gediş uzaqlığı 105 km təşkil edib. Sonrakı dövrdə aparılan təkmilləşdirmələr zamanı bu mühərrik “Maybach HL120 TRM” mühərrikləri ilə əvəz edilmişdi.

Heyəti 5 nəfərdən ibarət olan döyüş maşını 8.8 sm “Krupp” 36 L/56 topu və 2 ədəd 7.92 mm çaplı MG-34 pulemyotu ilə silahlandırılmışdı. Sovet T-34 tanklarını 3 kilometrdən uzaq məsafədə məhv etmək üçün təyin edilən “Ferdinand”ın Kursk döyüşündə qarşılaşdığı əsas problem minaya qarşı qorumasının zəifliyi və mexaniki nasazlıq idi. Maşının  həddindən artıq ağır çəkisi yedəklənməni çətinləşdirdi. Belə ki bir “Ferdinand”ı sahədən yedəkləyib çıxarmaq üçün 5 ədəd “Bergepanzer IV” zirehli təxliyyə maşını tələb olunurdu.

Problemlərə baxmayaraq “Ferdinand” II Dünya Müharibəsi dövründə Almaniyanın istehsal etdiyi ən uğurlu tank əleyhinə mübarizə vasitəsi hesab olunur. Alman sPzJgrAbt 653 tank qırıcı batalyonu Kursk döyüşündə 13 ədəd “Ferdinand” itkisi qarşılığında Sovet Ordusuna məxsus 320 tank vurduğu iddia edilir.

Yazı “Achtungpanzer”, https://panzerworld.com və “http://tank.uw.ru” saytlarının, “World War II: Tank’s” nəşrinin materiallarından istifadə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş