Ukrayna ilə Ermənistan arasında silah satışına dair daha bir FAKT

Ukrayna ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığı təsdiqləyən daha bir fakt ortaya çıxıb. Bu fakt silah satışına dair iki ölkənin müvafiq orqanları arasında imzalanmış müqavilədir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi məlumat yayıb.

APA-nın əldə etdiyi 5/107-k saylı, 26 avqust 2011-ci il tarixli müqavilə Ukraynanın “Ukrspetseksport” Dövlət Şirkətinin törəmə müəssisəsi olan “Ukrinmaş” Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə Ermənistan Respublikasının «DG Arms Corporation» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanıb.

Müqaviləni “Ukrinmaş”ın direktor müavini Oleq Kostenko və «DG Arms Corporation» şirkətinin Direktorlar Şurasının sədri Davit Qalstyan imzalayıblar.

Müqaviləyə əsasən, «DG Arms Corporation» “Ukrinmaş”dan 298 min dollar dəyərində 12,7×108 mm-lik 800 000 ədəd patron (264 min dollar) və 12,7×108 mm-lik patron üçün 200 000 ədəd patron həlqəsi (34 min dollar) alıb.

Ermənistan şirkəti aldığı hərbi əmlakı Birləşmiş Ərəb Əmirlərinə satmalıymış. Müqaviləyə əsasən, satıcı – “Ukrinmaş” yükü Albaniyanın paytaxtı Tirana şəhərindəki aeroporta çatdırmalı və orada alıcıya verməliymiş.

Müqavilənin şərtinə görə, çatdırılmış hərbi əmlakın son istehlakçısı Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələridir.

Qeyd edək ki, bir müddət əvvəl də Ukraynanın Ermənistana gizli silah satması barədə məlumatlar yayılıb. Həmin silah satışının da məhz “Ukrspetseksport” Dövlət Şirkəti ilə «DG Arms Corporation» şirkəti tərəfindən həyata keçirildiyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda əksini tapıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan «Ukrspesexport» Dövlət Şirkəti ilə Ermənistanın «DG Arms Corporation» şirkəti arasında «Smerç» reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və «İqla» tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.

KATEQORIYA:
Bu xəbəri paylaş