Ukrayna ordusu “Bayraktar TB2” PUA-ları ilə əməliyyat keçirib

Ukrayna ordusu “Bayraktar TB2” PUA-ları ilə əməliyyat keçirib

Ukrayna Silahlı Qüvvələrinin bölmələri “Bayraktar TB2” pilotsuz uçuş aparatları ilə dəniz üzərində tapşırıqlar yerinə yetirib.

“Poliqon” “ArmyInform” informasiya agentliyinə istinadən xəbər verir ki, “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) Ukraynanın materik hissəsindən Qara dənizdə yerləşən Tendrivska dili adasına uçuş tapşırığını yerinə yetiriblər. PUA-lar manevr mövzusunda müxtəlif təlim tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, Tendrivska dili adasında Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz poliqonu var. Bu poliqon çoxfunksiyalıdır, burada HDQ-nin müxtəlif vahidləri döyüş hazırlığını məşq etdirir və yüksəldir. Burada təchiz olunmamış sahilə dəniz desantının çıxarılmasına dair təlimlər keçirilir, qayıq taktiki qrupları sahil hədəflərinə artilleriya atəşi edir. Bundan əlavə, dəniz piyadaları üçün xüsusi uyğunlaşdırılmış və silahlanmaya qəbul edilməsi planlaşdırılan BTR-4 zirehli transportyorları bu yaxınlarda sözügedən poliqonda sınaqdan keçirilib.

Xatırladaq ki, bu il ərzində Ukrayna HDQ həm quruda, həm də dənizdə HDQ-nin mənafeyinə uyğun fəaliyyət göstərəcək, təkmilləşdirilmiş xüsusiyyətləri olan “Bayraktar TB2” PUA dəsti alacaqdır.

Maraqlıdır ki, Türkiyə bu yaxınlarda “Mavi Vətən-2021” təlimində “Bayraktar TB2” PUA-dan dəniz hədəflərinə qarşı istifadə etmişdir. PUA ilk dəfə yüksək dəqiqlikli sursatla suüstü hədəfə zərbə endirmişdir. Təlimlər Aralıq dənizinin şərq hissəsində baş tutmuşdur və “Bayraktar TB2” PUA Türkiyənin “Roketsan A.Ş.” şirkəti tərəfindən layihələndirilmiş və istehsal olunan “MAM-L” lazerlə idarə olunan raketdən istifadə etmişdir. Sahil xəttinin yaxınlığında, kiçik adalar arasında yerləşən hədəf uğurla məhv edilmişdir.

Əhəd Əzizov          

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş