Ukrayna Ordusu “Dozor-B” zirehli maşınlarını silahlanmaya qəbul edib

Ukrayna Ordusu “Dozor-B” zirehli maşınlarını silahlanmaya qəbul edib

“Ukroboronprom” Dövlət Konserninə daxil olan Xarkov Dizayn Bürosunun mütəxəssisləri tərəfindən hazırlanmış “Dozor-B” taktiki döyüş təkərli maşınlar Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

“Ukroboronprom” Dövlət Konserninin baş direktoru Aivaras Abromavicius bildirib ki, 2016-cı ilin iyununda Lvov Tank Zavodunun mütəxəssisləri tərəfindən 10 ədəd “Dozor-B” versiyalı yüngül zirehli transportyor hazırlanıb və Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Bundan sonra, Xarkov Dizayn Bürosunun dizaynerləri avtomobilin texniki xüsusiyyətlərinin yaxşılaşdırılmasının üzərində işləyib.

““Dozor”ların ilk partiyası 2016-cı ildə birbaşa cəbhədə sınaqdan keçirilib. Bundan sonra avtomobil təkmilləşdirilib və “Dozor-B” adı ilə seriyalı istehsala hazır vəziyyətə gətirilib. “Dozor-B” maşınlarının Ukrayna Ordusuna qəbul edilməsi eyni zamanda bu zirehli maşının ixrac potensialını artırır”, – deyə “Ukroboronprom” Dövlət Konserninin baş direktoru vurğulayıb.

Bildirilib ki, “Dozor-B” maşınlarının dövlət sınaqları keçirildikdən sonra, Xarkov Dizayn Bürosu və Lvov Tank Zavodu tərəfindən seriyalı istehsalı həyata keçiriləcək.

4×4 təkər formuluna malik “Dozor-B” maşınları təyinatından asılı olaraq zirehli transportyor, sanitar, komanda-qərargah, kəşfiyyat-dozor və digər konfiqurasiyalarda hazırlana bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş