Ukrayna Silahlı Qüvvələri “Dana-M2”nin sınaqlarına başlayıb

Ukrayna Silahlı Qüvvələri “Dana-M2”nin sınaqlarına başlayıb

Ukrayna Silahlı Qüvvələri Çexiyanın “Excalibur Army” şirkətinin istehsalı olan 152 mm çaplı “Dana-M2” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) sınaqlarını keçirir.

“Poliqon” “Defence Express”ə istinadən xəbər verir ki, sınaqlar Ukraynanın Rivne vilayətində yerləşən qoşun poliqonunda yerinə yetirilir.

Hazırda aparılan sınaqlar Ukrayna Silahlı Qüvvələrinə təkərli 8×8 Tatra T3-930-52M şassisində yerləşdirilmiş 152 mm-lik “Dana-M2” ÖAQ-ın real imkanlarını, o cümlədən atəşin dəqiqliyini və məsafəsini, idarəetmə sisteminin effektivliyini, eləcə də döyüş və istismar xüsusiyyətlərini qiymətləndirməyə imkan verəcəkdir.

“Dana-M2” təkərli ÖAQ-a, 1947-ci ildə silahlanmaya qəbul edilmiş Sovet istehsalı D-20 “Xitin” yedəyə alınan top-haubitsalarının əvəz edilməsi üçün baxılır.

“Dana M2” ÖAQ 152 mm-lik D-20 top-haubitsasında tətbiq edilən eyni 152 mm çaplı atəş yığımlarından istifadə edə bilir ki, bu da əlavə maddi-texniki təminat yükünü Ukrayna Silahlı Qüvvələrinin üzərindən götürür. Xüsusilə qeyd etmək lazımdır ki, Ukraynada son illərdə NATO standartlarına uyğun 155 mm-lik atəş yığımlarının yerli istehsalı sınaqlar mərhələsinə yaxınlaşır və sınaqların bu yay keçirilməsi planlaşdırılır. Bu tip atəş yığımlarının orduya tədarük olunmasının real müddətlərini müəyyən etməkdən ötrü bura bir neçə il vaxt tələb edən dövlət sınaqlarını, kütləvi istehsalın yerləşdirilməsi və anbarlarda minimum zəruri ehtiyatların yaradılması üçün tələb olunan müddəti də əlavə etmək vacibdir.

“DANA M2” ÖAQ üstünlüklərini qeyd edən zaman, Sovet istehsalı 152 mm-lik D-20 “Xitin” top-haubitsası və onun 2S3 “Akatsiya” özüyeriyən versiyası ilə müqayisədə, “Dana-M2” ÖAQ-ın atış məsafəsinin köhnə mərmi ilə daha uzun olmasını – 17,4 km-ə qarşı 18,2 km göstərmək mütləqdir. Yeni uzun mənzilli HE ER-HB atəş yığımı istifadə edilərkən isə “Dana-M2” ÖAQ atəş məsafəsi artıq 25,5 km təşkil edir.

“Dana-M2” ÖAQ-ın əsas üstünlüyü isə təkərli şassinin qoşqulu platformaya nisbətən daha hərəkətli olmasıdır. Belə ki, D-20 heyəti atışa hazırlaşan zaman, artıq təkərli “DANA M2” ÖAQ atəş tapşırığını yerinə yetirir və mövqeyi tərk edir. Müasir kontrbatareya mübarizəsi şəraitində isə bu, düşmən atəşindən tez bir zamanda yayınmağa və heyət üzvlərinin həyatını xilas etməyə imkan verir. Üstəlik, “Dana-M2” ÖAQ-da əsas vurğu mobilliyə, həmçinin atəş açmaq və mövqeyi dəyişdirmək üçün tələb olunan vaxtı minimuma endirməyə edilib.

“Dana-M2” ÖAQ, Sovet modellərindən 1-2 mərmi daha sürətli və dəqiqədə 4-5 mərmi verən doldurma avtomatı ilə təchiz edilib. Bundan başqa, “Dana-M2” ÖAQ-ın son versiyasında sursat idarəetmə sistemli ASAP top mövqeyinin avtomatik tənzimlənməsi sistemi də tətbiq edilib.

Qurğuda naviqasiya yalnız GPS ilə deyil, həm də radioelektron mübarizə vasitələrinin aktiv tətbiqi zamanı koordinatları inersial blok sayəsində müəyyənləşdirməyə imkan verən yüksək dəqiqlikli  naviqasiya sistemi ilə yerinə yetirilir.

Yeri gəlmişkən, “DANA M2” ÖAQ-da təkərli şassinin istifadəsi onu ümumi təyinatlı yollarda öz hərəkəti ilə yerdəyişmə etməyə imkan verir. Daha tırtıllı texnikalarda olduğu kimi onun daşınması üçün yük maşınları və trallardan istifadə edilmir.

Keçiriləcək sınaqlar zamanı Ukrayna Silahlı Qüvvələri “Dana-M2” ÖAQ-ın bütün imkanlarını qiymətləndirməli və öz seçimini etməlidir. Müsbət bir qərar verildiyi təqdirdə, Ukrayna Silahlı Qüvvələri, əvvəllər elan edilmiş müqavilələrə uyğun olaraq, 40,3 milyon ABŞ dollarına 26 ədəd “Dana M ÖAQ-ın alınmasını həyata keçirə bilər.

Burada xatırlatmaq lazımdır ki, Ukrayna Müdafiə Nazirliyi “Excalibur Army” şirkətinin istehsalı olan 152 mm-lik “Dana-M2” ÖAQ-ın artilleriya briqadalarına silahlanmasına daxil olacaq yerli “Kramatorsk ağır dəzgahqayırma zavodu”nun 155 mm-lik 2S22 “Boqdana” ÖAQ-a rəqib olmadığını dəfələrlə vurğulayıb.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş