Ukrayna Silahlı Qüvvələrin inkişaf prioritetlərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrin inkişaf prioritetlərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrdə gələcək 10 il ərzində həyata keçiriləcək inkişaf planlarını və islahat istiqamətlərini açıqlayıb.  “AzeriDefence”nin Ukrayna Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sənəddə Ukrayna Silahlı Qüvvələrinin struktrunun təkmilləşdirilməsi, ayrı-ayrı qoşun qismlərinin yenidən təşkili, silahlanma və digər məsələlər əksinin tapır.

Sənədə əsasən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının, Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının, ayrı-ayrı qüvvələrin (qoşunların) tərkibində Təlim Komandanlıqlarının (TRADOC) yaradılması, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Komandanlığının yenidən təşkili, silahlı qüvvələrdə şöbə və idarələrin J, G, A, N, S strukturlarına çevrilməsi, Ukrayna Silahlı Qüvvələrində NATO standartları və prosedurlarının tətbiqi, çoxmillətli təlimlərdə və NATO koalisiya əməliyyatlarında iştirak edən qoşunların sayının artırılması və s. məsələlər əksini tapıb.

Qəbul edilmiş sənəddə hərbi qulluqçuların xarici dil bacarıqlarının artırılması, zabitlərin 100% -ə və çavuşların ən azı 50% -nin İngilis dili biliklərinə yiyələnməsi qarşıya qoyulub.

Planda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin sülh dövründəki quruluşu müharibə quruluşuna mümkün qədər yaxın olmalı, C2 (Komandanlıq və İdarəetmə), şəxsi heyət, təlim, döyüş dəstəyi, səfərbərlik və ərazi müdafiə sistemləri müharibə şəraitinə sürətli və səmərəli keçidini təmin etməlidir.

Sənəddə Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının vəzifə və funksiyaları müəyyən olunub. Siqnal və Kiber Təhlükəsizlik Komandanlığı, Logistika Komandanlığı, Dəstək Qüvvələri Komandanlığı və Tibb xidməti Baş Qərargahın tabeliyinə verilib.

Bununla yanaşı sənəddə Birgə Qüvvələr Komandanlığı ilə bağlı məsələlər də əksini tapıb. Qeyd olunub ki, yaxın perspektivdə Silahlı Qüvvələrin Birgə Əməliyyat Qərargahının əsasında, Prezidentə tabe olan Ukrayna Silahlı Qüvvələrinin Birgə Qüvvələr Komandanlığı yaradılacaq.

Sənəddə qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin gücünün 50% -ni təşkil edəcək Quru Qoşunlarının optimallaşdırılması hərbi hissələrin döyüş imkanlarını azaltmadan həyata keçiriləcək və Quru Qoşunları tərkibində Regional Əməliyyat Komandanlıqların məsuliyyət sahələri Ukraynanın milli təhlükəsizliyinə təhdidlərlə əlaqədar müəyyən ediləcək. Regional komandanlıqlar öz məsuliyyət dairələri daxilində ərazi müdafiəsi, səfərbərlik və ehtiyat təlimlərinə cavabdeh olacaqlar.

Ukrayna Hərbi Hava Qüvvələrinin inkişafına xüsusi diqqət yetirəcək. Erkən xəbərdarlıq və idarəetmə sisteminin tərəfdaş ölkələrin sistemləri ilə sinxronlaşdırılması, HHQ-nin aşkarlama və atəş vasitələrinin artırılması, yeni HHM sistemlərinin alınması və mövcud hissələrin yenilənməsi prioritet olacaq. HHQ Komandanlığı tərkibində TRADOC bənzəri təlim və tədris komandanlığı və Əməliyyat Komandanlığı yaradılacaq. HHQ-nin gücü Ukrayna Silahlı Qüvvələrinin gücünün 1/6 hissəsini təşkil edəcək.

HHQ-nin Hava Hücumundan Müdafiə Raket Briqadaları və Qoşunları qarışıq tərkibdə, stasionar və mobil komponentlərdən ibarət olacaq.

Ukrayna Silahlı Qüvvələrinin gücünün 1/10 hissəsini təşkil edəcək Hərbi Dəniz Qüvvələrinin (HDQ) inkişafında prioritet yerüstü qüvvələrə və sahil raket və artilleriya qüvvələrinə veriləcək. Eyni zamanda yaxın 10 illik perspektvdə manevr və döyüş imkanları imkanı yüksək olan kater və gəmilərin inşası və satınalmaları planlaşdırılır. Gəmilər müasir raket və HHM sistemləri ilə təchiz olunacaq.

HDQ-nin inkişafının orta və uzunmüddətli perspektivdə mərhələli şəkildə aparılması nəzərdə tutulur. Birinci mərhələdə çevik reaksiya qabiliyyətinin formalaşdırılması, ərazi suları üzərində və sahildən kənarda (sahildən 40 dəniz mili qədər) nəzarətin qurulması həyata keçiriləcək. İkinci mərhələdə, Ukraynaya aid iqtisadi zonada dənizdəki milli maraqları qorumaq üçün imkanlar inkişaf etdiriləcəkdir. Ayrıca, HDQ-nin struktru optimallaşdırılacaq və yerüstü dəniz komponentini yetişdirmək məqsədi ilə Flotilya yaradılacaq.

Maraqlı bir yenilik də Silahlı Qüvvələrin tərkibində Hava Hücum Qüvvələrinin yaradılmasıdır. Hava Hücum Qüvvələrinin gücü Ukrayna Silahlı Qüvvələrinin gücünün 1/10 hissəsini təşkil edəcək. Hava Hücumu Qüvvələrinin tərkibinə tələb olunan döyüş xidməti və xidmət dəstəyi (hava qüvvələri) olan hava hücum briqadaları, artilleriya və əlahiddə taborlar, təlim və tədris mərkəzləri daxil olacaq.

Planda Xüsusi Əməliyyat Qüvvələrinin yenidən təşkili və inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Xüsusi Əməliyyat Qüvvələri müqavimət hərəkatlarının, kəşfiyyat və təxribat fəaliyyətlərinin təşkili, psixoloji əməliyyatlar aparmaq yolu ilə düşmənin Ukrayna ərazisində, o cümlədən müvəqqəti işğal edilmiş ərazidə irəliləmə imkanlarını azaltmaq məqsədi ilə inkişaf etdiriləcək. Eyni zamanda Ukrayna sərhədlərindən kənarda xüsusi tapşırıqlar yerinə yetirmələri üçün qanunvericilikdə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə Xüsusi Əməliyyat Qüvvələrinin hava və dəniz hissələrinin yaradılacaq, orta və uzunmüddətli perspektivdə Xüsusi Qüvvələrin alaylarının sayı optimallaşdırılaraq Xüsusi Qüvvələr Mərkəzlərinə çevriləcək. Xüsusi Əməliyyat Qüvvələrinin tərkibində informasiya və psixoloji əməliyyat bölmələri yaradılması planlaşdırılır.

Silahlı Qüvvələrin maddi-texniki təchizatı və infrastruktur dəstəyi bilavasitə Silahlı Qüvvələrin Baş Qərargahına tabe olan Logistik Qüvvələr Komandanlığı tərəfindən təmin ediləcək.

Sənəddə silahlı qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsinə dair məsələlər də əksini tapıb. Belə ki, sülh şəraitində silahlı qüvvələrin şəxsi heyətinin 90%-ni müqavilə əsasında xidmətə cəlb olunanlar təşkil etməlidir. Silah və texnikaları idarə edən heyətin isə 100% müqaviləli heyətə verilməsi nəzərdə tutulur.

Silah və hərbi texnika ilə təchizat sahəsində kəşfiyyat qabiliyyətlərini inkişaf etdirərkən, radar kəşfiyyatına, eyni zamanda taktiki rezans və açıq mənbələrin kəşfiyyatını aparmaq üçün imkanların yaradılmasına xüsusi diqqət yetiriləcəyi gözlənilir. Ukrayna Silahlı Qüvvələrinin komanda və idarəetmə (C2) sisteminin (bütün səviyyələrdə) yenidən qurulması, alternativ rabitə kanallarına malik olan, xarici təsirə davamlı, REM-ə qarşı qorunan effektiv C4ISR (Komanda, İdarəetmə, Rabitə, Kompüter, Kəşfiyyat, Müşahidə və İzləmə) sisteminin yaradılması, rabitə sisteminin tərəfdaş ölkələrin rabitə sistemi ilə uyğunlaşdırılması həyata keçirilməsi planlaşdırılır.

Qoşunların atəş gücünün artırılmasında üstünlük yüksək dəqiqlikli silahların hazırlanması və alınması, taktik raketlərin, YARS-lərin alınmasına, uzaq mənzildə atəş dəstəyinin təmin edilməsi, xüsusən də 500 km və ya daha çox məsafəni əhatə edən raket sistemi və pilotsuz hücum hava vasitələri alayının yaradılması vacib tapşırıq kimi qarşıya qoyulub.

Qoşunların manevr qabiliyyətinin yüksəldilməsi, mühəndis imkanlarının genişləndirilməsi, praktikliyin artırılması, qoşunları daşımaq üçün dəmir yollarında lazımi sayda platformaların əldə edilməsi, körpülərin gücləndirilməsi, qoşunların kamuflyaj edilməsi və bu məqsədlə vasitələrin alınması, qoşunların qanadlı raketlərin hücumlarından müdafiəsinin təşkili, bazaların və anbarların düşmənin təxribat və kəşfiyyat qruplarının hücumundan mühafizəsi də əsas planlar içində yer alıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş