Ukraynanın T-64 tanklarının müasirləşdirilməsi üçün yeni layihələri var

“Ukroboronprom” Dövlət Konserni T-64 tanklarının müasirləşdirməsi üçün yeni layihələr hazırlayıb. “AzeriDefence”nin “Ukroboronprom”un saytına istinadən verdiyi məlumata görə, bu barədə Konserinin baş direktoru Yuri Tereşenko bildirib.

Onun sözlərinə görə, söhbət birinci layihədə T-64 tanklarının T-64B “Bulat” versiyasına qədər müasirləşdirməsindən gedir. Daha güclü 6TD1 və ya 6TD2 mühərriklə təchiz olunmuş bu versiya təkmilləşdirilmiş silah idarəetmə sisteminə, aktiv müdafiə, rabitə və naviqasiya sistemlərinə malikdir. “Bulat” əsas texniki xarakteristikalarına görə Rusiyanın T-90 tankıyla müqayisə edilir və “Oplot” tanklarına yaxınlaşır. T-64 tanklarının “Bulat” versiyasına qədər müasirləşdirməsinin dəyəri “Oplot” yeni tankının istehsalından dörd dəfə daha ucuz başa gəlir.

Bununla yanaşı, Xarkov Zirehli Tank Zavodu tərəfindən T-64 tanklarının T-64E versiyasına qədər müasirləşdirməsi layihəsi hazırlanıb. Bu tank yeni atəş idarəetmə sisteminə və idarə olunan silah kompleksinə malikdir. T-64E tankları fərqləndirici xüsusiyyəti qülləsində zenit topu da daxil olmaqla iki döyüş modulunun quraşdırılmasıdır.

Gücləndirilmiş zirehli müdafiəyə malik T-64E versiyası “Duplet” dinamik müdafiə sistemi və ya “Zaslon” aktiv müdafiə kompleksinə sahib ola bilər. Bu versiya 850 at gücünə malik müasirləşdirilmiş 5TDF mühərriki ilə təchiz olunub və öz qiymətinə görə “Bulat” tankından da ucuzdur.

Bundan başqa, “Ukroboronprom” əsaslı təmirdən keçmiş T-64BV-1 tanklarını təklif edə bilər. Qiymət-keyfiyyət meyarı üzrə bu tank əsaslı təmirdən sonra T-72 tankını üstələyir.

KATEQORIYA:
Bu xəbəri paylaş