Üzeyir Cəfərov: “Azərbaycan xalqı xarici hərbi birləşmələri ölkəmizdə görmək niyyətində deyil”

“Rusiya hərbi-siyası rəhbərliyinin indiki vəziyyətdə belə bir qərar qəbul edəcəyi inandırıcı deyil”.
Bu açıqlamanı “AzeriDefence”yə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov verib.

O deyib ki, son günlər daha çox müzakirə olunan və ətrafında söz-söhbət gedən mövzulardan biri də 2017-ci ildə Rusiyanın yenidən Qəbələ RLS ərazisində yeni bir modul stansiya quracağı ilə bağlı xəbərlərdir: “Bu xəbərə o qədər də inanmıram və bunun da bir neçə səbəbi var. Əvvala onu qeyd edim ki, 2012-ci ildə bu mövzuya nöqtə qoyulub və bu daha çox Rusiya tərəfinin öz arzusu və qərarı ilə baş verib”.

Ü. Cəfərov əlavə edib ki, nəzəri baxımdan bir çox şeylər mümkün olsa da məsələnin iqtisadi tərəfi o qədər də inandırıcı görünmür: “Bəzi siyasi və iqtisadi durumlar mövcuddur ki, onlara əsaslanaraq bu məsələnin real olmasına o qədər də inanmıram. Digər tərəfdən stansiyanın yenidən ərsəyə gətirilməsi üçün uzun müddət tələb olunur. Bir də Rusiya generalları və bu sahə üzrə mütəxəssislər də qeyd edirdilər ki, artıq Qəbələ RLS-ə o qədər də ehtiyac yoxdur. Çünki onlar Armavir şəhərində başqa, daha yığcam, mobil RLS tikib istifadəyə veriblər”.

Ekspertin sözlərinə görə, Azərbaycan xalqı bir daha hansısa xarici hərbi birləşmələrin bölmələrini ölkəsində görmək niyyətində deyil: “Düşünürəm ki, biz bir daha keçmiş Qəbələ RLS ərazisində hər hansı xarici qoşunların nümayəndələrini görməyəcəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş