Vətən müharibəsi: Azərbaycan Ordusu düşmən mövqelərinə “Qasırğa”yla zərbələr endirib

Vətən müharibəsi: Azərbaycan Ordusu düşmən mövqelərinə “Qasırğa”yla zərbələr endirib

Azərbaycan Ordusunun silahlanmasında yer alan T-300 “Qasırğa” uzaq mənzilli raket kompleksinin Vətən müharibəsində tətbiq edilməsinin ilk dəfə görüntüləri yayılıb.

“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun raket-artilleriya bölmələri tərəfindən “Qasırğa” kompleksləri ilə düşmən mövqelərinə dəqiq atəş zərbələri edilməsi müşahidə olunub.

Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan T-300 “Qasırğa” kompleksləri 2014- 2016-cı illərdə Azərbaycana çatdırılıb. KAMAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir. Kompleks avtomatik atış-kontrol sistemi ilə təchiz olunub.

“Qasırğa”nın atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 “Tiger” idarə olunan raketlərlə 120 km-dir. “Tiger” raketləri gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanıb.

GPS və İNS naviqasiyasına malik TRG-300 “Tiger” raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır. Kompleksə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır.

Azərbaycan Ordusunun silahlanmasındakı “Qasırğa”lar İrəvan şəhəri də daxil olmaqla, Ermənistan Respublikasının dərinlikdəki strateji hədəflərini vurmağa imkan verir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş