Vətən müharibəsinin od-alovundan keçənlər – yaralı hərbi qulluqçularımız

Vətən müharibəsinin od-alovundan keçənlər – yaralı hərbi qulluqçularımız

2020-ci ilin 27 sentyabr – 9 noyabr tarixlərində müzəffər Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda erməni işğalçılarına qarşı apardığı döyüş əməliyyatları ölkəmizin böyük hərbi zəfəri ilə başa çataraq, bizə illərlə həsrətini çəkdiyimiz doğma yurdlarımızda müqəddəs üçrəngli bayrağımızın qaldırılması qürurunu yaşatdı. Artıq təqvimdə bizim xalq olaraq öz Zəfər günümüz var. Bu şanlı zəfər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, eləcə də igid oğullarımızın canı və qanı bahasına əldə olunub.

“Azeri Defence” Daxili Qoşunların mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, rəşadətli Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin siyahısında 65 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Döyüşlər zamanı, ümumilikdə, 30 nəfərdən çox hərbi qulluqçu itkin düşüb.

Torpaqlarımızı düşmən tapdağından azad edərkən odlu silahdan yaralanan, kontuziya alan, sağlamlığını itirən hərbi qulluqçuların da sayı az deyil. Onlar hazırda hərbi hospitallar və xəstəxanalarda müalicə olunurlar. Sözügedən hərbi qulluqçuların sağlamlığının bərpası məsələsi dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır.

Bu gün şəhid ailələrinə, əlillərə, yaralanmış zabit, gizir, çavuş və əsgərlərə, bütün Vətən müharibəsi iştirakçılarına öz mənəvi qayğımızı əsirgəməməliyik. Vətən müdafiəçiləri və onların ailələrinə mənəvi-psixoloji dəstək milli birliyimizin möhkəmləndirilməsi, döyüş ruhumuzun yüksəldilməsi, cəmiyyətdə vətənpərvərlik əqidəsinin daha da dərinləşməsi baxımından mühüm amildir.

Daxili Qoşunların hərbi hospitalında müalicə olunan yaralı hərbi qulluqçularımız da digər oğullarımız kimi 44 gün davam edən ağır döyüşlərdə qalib olmağımız üçün təqdirəlayiq fədakarlıq göstəriblər. Bədənlərini dəlib keçən güllələr və mərmi qəlpələri onların iradəsini, qətiyyətini büdrətməyib. Ölümdən və mənfur düşməndən qorxmadan, öz güclərini toparlayaraq, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd, Şuşa, Murovdağ və digər istiqamətlərdə döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetiriblər. Bu oğullar ata-babalarının qeyrət məktəbinin layiqli yetirmələridirlər. “Vətən torpağının düşmən tapdağındakı hər qarışı can verilərək və qan tökülərək geri alınır” kəlamı müharibə gerçəkliyi ilə üz-üzə qaldıqları od-alovlu günlərdə onları tərk etməyib.

Döyüşlərdə həlak olan yoldaşlarının cəsurluq nümunələri, çətin məqamlar zamanı özünü büruzə verən müsbət keyfiyyətləri, ölümqabağı söylədikləri son sözlər qarşıdakı həyat boyu onların xatirələrində xüsusi yer tutacaq.

Yaralı hərbi qulluqçularımızın arasında zədələnmə dərəcəsi, səhhəti ağır olanlar var, buna baxmayaraq, heç biri bu halına görə ruhdan düşməyib, bədbinləşməyib. “Vətən üçün canımız da fəda olsun!” – deyirlər. Bəziləri bundan sonrakı həyatını əsa, protez, əlil arabası ilə yaşayacaqlar, ancaq xalqımızın şərəfini uca tutaraq, dövlətimizin hərbi qüdrətini göstərərək, şəhidlərimizin, soyqırım qurbanlarımızın qisasını alaraq, doğma torpaqlarımızı erməni silahlı qüvvələrinin işğalından xilas edərək qazi olmaları onlara mənəvi güc verir.

Belə oğulların Vətən və dövlət qarşısında gərəkli missiyası təkcə keçdikləri döyüş yolu ilə bitmir, onların timsalında cəmiyyətə çox dəyərli vətənpərvərlik örnəyi aşılanır, bu hərbçilərin davamçıları da yetişəcək, qürurverici döyüş ənənələri yeni nəsillərə ötürüləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş