Vaqif Dərgahlı: “Ermənistan təxribatları davam etdirərsə və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcək”

“Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertələrinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübut edib”.

Bunu “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərlərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu bu gün ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin və dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Silahlı Qüvvələr ən müasir silah-sursat, döyüş texnikası, elmin ən son nailiyyətləri ilə hazırlanmış yüksək dəqiqlikli döyüş sursatları, düşmənlə birbaşa kontaktda olmadan onu uzaq məsafədən məhv etməyə qadir olan digər hərbi vasitələrlə təchiz edilib. Silahlı Qüvvələrin son döyüşlərdə düşmənə qarşı tətbiq etdiyi vasitələr hələ hərbi potensialımızda olanların yalnız cüzi bir hissəsidir. Əgər erməni tərəfi bizə qarşı təxribatları yenə də davam etdirərsə və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcək.

V. Dərgahlı deyib ki, Azərbaycan Ordusu silahlanmasında olan döyüş texnikası, silah və sursatlar imkan verir ki, düşmənə qarşı daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə onu sülhə məcbur edərək torpaqlarımızın azad edilməsini təmin edək: “Silahlı Qüvvələrimizin, o cümlədən xalqımızın döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir və biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq!”.

KATEQORIYA:
Bu xəbəri paylaş