Vasif Talıbov dağlıq şəraitdə xidmət edən hərbçilərlə görüşüb

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Ali Məclisin sədri bildirib ki, hər bir ölkədə sabitliyin və inkişafın təmin olunmasında əsas amillərdən biri də sərhədlərin etibarlı müdafiə olunmasıdı: “Muxtar respublikanın bu ərazisində yerləşən hərbi hissə üçün bina tikilib, xidmətin hərtərəfli təşkili üçün bütün şərait yaradılıb. Gələcəkdə də bu tədbirlər davam etdiriləcək. Bütün bunların müqabilində isə hərbi qulluqçular xidmətlərini nümunəvi təşkil etməli, sərhədlərimiz etibarlı qorunmalıdır”.

Ali Məclis sədrinə məlumat verilib ki, müdafiə qüdrətinin gücləndirilməsi və əlverişli hücum mövqeyinin seçilməsi, hərbi hissənin əhatə etdiyi postların müasir döyüş texnikaları və silahlarla təmin olunması, postlar arasında yol və dayanıqlı rabitə əlaqələrinin yaradılması xidmətin səmərəli təşkilinə imkan verir.

Sonra, Ali Məclisin sədri Culfa rayonunun Ləkətağ kəndində yerləşən hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb. V. Talıbov bildirib ki, hərbi xidmətin uğurla yerinə yetirilməsi, sərhədlərin qorunması sabitliyin təmin olunmasına, sakinlərin öz kəndlərində rahat və təhlükəsiz yaşamasına imkan verir.

Həmin gün Ali Məclisin sədri oba sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə xidmət aparan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları ilə də görüşüb, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissələrin anbarlarına təhvil verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş