Vasif Talıbov ön mövqelərdəki vəziyyətlə tanış olub – FOTO

Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda olub.

Bu barədə “AzeriDefence” “Naxcivantv”yə istinadən xəbər verib.

Əsgər və zabitlərlə görüşən Ali Məclisin Sədri bildirib ki, xidmətin nümunəvi təşkili bu ərazidə insanların rahat yaşayışını təmin edir: “Vaxtilə bu ərazidə post yox idi. Lakin  ölkəmiz inkişaf etdikcə ordumuz da qüdrətləndi, əsgər və zabitlər üçün hərtərəfli xidmət və yaşayış şəraiti yaradıldı. Bu sərhəd bölgəsində də yeni postlar yaradıldı, yol çəkildi, xidmət nümunəvi təşkil olundu”.

Ali Məclisin Sədri sərhədləri etibarı müdafiə etdiklərinə görə şəxsi heyətə təşəkkür edib, xidmətdə fərqlənənlərə hədiyyələr verib.

Əsgər Şükür Hüseynov minnətdarlıq edərək bildirib ki, göstərilən diqqət və qayğının nəticəsidir ki, ucqar sərhəd bölgəsində hərbi xidmət nümunəvi təşkil olunub: “Xidmətimiz üçün yaradılan şərait və şəxsi heyətlə bu cür görüşlərin keçirilməsi mübarizə əzmimizi daha da artırır. Biz burada bir ailə kimi yaşayır, xidməti qarşılıqlı hörmət və hərbi nizamnamənin tələblərinə uyğun qururuq. Şəxsi heyət “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipinə əməl edir”.

Sonra Ali Məclisin Sədri təmas xəttində xidmətin təşkili ilə maraqlanıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, ərazidə əlverişli hücum mövqeyi seçilib və möhkəm müdafiə potensialı yaradılıb, postlar müasir silah və texnika ilə təmin olunub, yeni səngər və əlaqə yolları çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş təmin edilib.

Həmin gün Ali Məclisin Sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində də olub, şəxsi heyətlə görüşüb.

Vasif Talıbov bəyan rdib ki, bu gün Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir silah-sursatla təminatına imkan verir: “Vaxtilə bu ərazidə hərbi xidmət ağır şəraitdə həyata keçirilirdi. Lakin bu gün dayaq məntəqəsində və onun əhatə etdiyi postlarda nümunəvi xidmət şəraiti yaradılıb”.

“Bu ərazidə yerləşən yaşayış məntəqələrində insanların rahat yaşayışının təmin olunması şəxsi heyətin xidmətinin təşkilindən asılıdır. Çünki ölkənin sərhədlərinin etibarlı qorunması vətəndaşların rahat yaşayışına və quruculuq işlərinin aparılmasına xidmət edir. Gərməçataq kəndində aparılan geniş quruculuq işləri və yaradılan müasir kənd infrastrukturu ona görə mümkün olmuşdur ki, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, torpaqlarımız etibarlı müdafiə olunur”, – deyə Vasif Talıbov vurğulayıb.

Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, yüksək dağlıq şəraitdə yerləşən hərbi hissənin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraiti müasir tələblər səviyyəsində qurulub. Günün nizam qaydalarına uyğun olaraq xidmətin təşkilinə, əsgərlərin normal qidalanması, fiziki hazırlığına və sağlamlıqlarının qorunmasına diqqət yetirilir.

Ali Məclisin Sədri müdafiə mövqeyinin möhkəmləndirilməsi və xidməti döyüş fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş