Venesuela “Peçora-2M” zenit raket kompleksi bazasının sayını artırır

“Peçora-2M”in növbəti bazası ölkənin Las-Pedrasda – “Jozefa Kamexo” hava limanı yaxınlığında formalaşdırılıb.

“AzeriDefence”in məlumatına görə, bu açıqlamanı Venesuelanın müdafiə naziri Enri Ranxel Silva verib. O deyib ki, 200 nəfər şəxsi heyəti olan hərbi baza ölkənin müdafiə sisteminin tərkib hissəsi olacaq. Bu kompleks ölkənin iri neftayırma müəssisələrinin müdafiəsini təşkil edəcək. Bundan başqa ölkə ərazisində daha 9 belə baza yaradılacaq ki, bu proses də hava hücumundan müdafiə qoşunlarının formalaşdırılması istiqamətində həyata keçiriləcək.

Müdafiə naziri qeyd edib ki, Venesuela prezidenti Uqo Çaves ordunun texnika parkının modernləşdirilməsi məqsədilə dövlət büdcəsindən 100 milyon dollar vəsait ayırıb. Həmin vəsaitin köməyi ilə silahlı qüvvələr üçün 2 min avtomobil alınacaq. Bu da ordudakı köhnə avtomobillərin yenisi ilə əvəzlənməsinə səbəb olacaq.

Qeyd edək ki, ekspertlərin açıqlamalarında hazırda Venesuelada “Peçora-2M”dən təşkil olunan 11 zenit raket kompleksi batareyasının mövcud olduğu deyilir.

KATEQORIYA:
Bu xəbəri paylaş