Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası təsdiq olundu

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nı təsdiq edib.

“AzeriDefence”nin məlumatına görə, qaydalar vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkili və keçirilməsi qaydasını müəyyən edir. Xüsusi hərbi ixtisaslar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün müəyyən edilmiş ixtisaslar hesab olunur.

Sənədə əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlıq könüllülük prinsipi əsasında həyata keçirilir.
Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa aşağıdakı vətəndaşlar сəlb edilirlər:

– müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar;

– növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar.

“Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısı”nda göstərilən təhsil müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçən vətəndaşlar müdavim adlanır.

Hazırlanmış xüsusi hərbi ixtisaslı mütəxəssislərin aidiyyəti xüsusi hərbi ixtisaslar üzrə sifariş vermiş Silahlı Qüvvələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir.

Qaydalara əsasən Silahlı Qüvvələrin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşməni həyata keçirən müvafiq struktur bölmələri növbəti il üçün xüsusi hərbi ixtisasların siyahısını müəyyən edib və bu ixtisaslar üzrə hazırlanmalı olan vətəndaşların sayı barədə təkliflərini hazırlamalıdırlar.

Hər il sentyabrın 1-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti xüsusi hərbi ixtisasların siyahısını və həmin ixtisaslar üzrə vətəndaşların hazırlanması üzrə sifarişləri Nazirlər Kabinetinə təqdim etməlidir.

Sənəddə qeyd olunub ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi Xidmətin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.

KATEQORIYA:
Bu xəbəri paylaş