Vilnüsda Azərbaycan və Litva müdafiə nazirlərinin görüşü keçirilib

General-polkovnik Zakir Həsənov Yuozas Olekas ilə görüşüb
Bu gün Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Litvaya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, general-polkovnik Z.Həsənov Litvanın milli müdafiə naziri Yuozas Olekas ilə görüşüb.

Rəsmi qarşılanma mərasimində nazirlər fəxri qarovulun önündən keçiblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Litvaya rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirirən Azərbaycanın müdafiə naziri həmkarına Cənubi Qafqaz reginondakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov bildirib ki, bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir:

“Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir. Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.

Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər iyulun 2-də başa çatacaqdır.

KATEQORIYA:
Bu xəbəri paylaş