VİTTA Azərbaycanın ilk VTOL pilotsuz uçuş aparatını hazırlayıb

VİTTA Azərbaycanın ilk VTOL pilotsuz uçuş aparatını hazırlayıb

“VİTTA Elmi Texniki Şirkəti” MMC Azərbaycanda ilk dəfə olaraq VTOL (Vertical Take-Off & Landing) vertikal qalxma və enmə funksiyalı uçuş aparatı hazırlayıb.

Ilk dəfə ADEX-2018 sərgisində nümayiş etdirilən və iştirakçılarının böyük marağına səbəb olan “Stellar V” adlı PUA uzaq uçuş məsafəsi və havada daha çox qala bilməsi ilə fərqlənir. Tamamilə avtomatlaşdırılmış PUA tablet, laptop və digər cihazlar vasitəsilə iki cür idarə oluna bilər. Bunlardan 3G/4G GSM telemetriya idarəetmə sistemi ilə 100-150 km radiusda, transmitterin ötürmə gücündən asılı olaraq 5-50 km radiusda faəliyyət göstərir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Stellar V” 360 dərəcə horizontal və 90 dərəcə vertikal dönmə qabiliyyətinə malik olan iki oxlu gimbal kamera sistemi ilə təmin olunub.

“Yüksək keyfiyyətli optik və termal görüş modulları operator tərəfindən seçilmiş obyektlərin və ərazilərin həm gündüz həm də gecə vaxtı müşahidəsini təmin edir. Əlavə olaraq intellektual sistem olan “Synapse” sayəsində, bu sistem sahələrin və sərhədlərin mühafizəsi üçün uyğundur. PUA potensial düşmən obyektlərini təyin edib onların yerləşmə mövqelərini qeyd edir və kordinatları idarəetmə stansiyasına ötürür və onu izləyir. Belə keşikçəkmə istənilən yerdə, hətta ən əlçatmaz və az məskunlaşmış sərhəd ərazilərində mümkündür. Bu PUA digər pilotsuz uçuş aparatları üçün retranslyator rolunu oynayaraq, operatorun birbaşa görüntü dairəsindən kənarda olan tapşırıqları yerinə yetirə bilər”, – deyə şirkətdən bildirilib.

Maksimal uçuş kütləsi 6 kq, maksimal faydalı yük 1 kq təşkil edən “Stellar V” PUA havada 2 saat 45 dəqiqəyədək qalır. PUA-nın sürəti 90 km/saat, maksimal uçuş hündürlüyü 2000 metrdir. “Stellar V” aparatının yüksək keyfiyyətli HD kamerası 12 qat optik böyütmə ilə 1080p, 60 FPS görüntü təmin edir.

VTOL tipli PUA-lar imkanlarına görə perspektivli hesab olduğu üçün “VİTTA Elmi Texniki Şirkəti” bu istiqamətdə yeni həllər təklif etmək üçün öz işinə davam edir.

Qeyd edək ki, sərgidə “VİTTA Elmi-Texniki Şirkəti” “Stellar V” PUA ilə yanaşı multikopter sinfinə aid iki PUA-nı da nümayiş etdirib.

KATEQORIYA:
Bu xəbəri paylaş