Xəzərə tuşlanan raketlər – ANALİZ

Xəzərə tuşlanan raketlər – ANALİZ

Xəzərdə hərbi hərbi potensialını sürtələ gücləndirən sahilyanı dövlətlər son illərdə yeni hərbi bazaların inşası, gəmilərin və gəmi əleyhinə raket sistemlərinin alınması istiqamətində addımlar atmaqdadırlar.

Xəzər dənizinin hüquqi statusunun müzakirəsi ilə paralel olaraq həyata keçirilən silahlanma hövzənin gələcək taleyi barədə suallar meydana çıxarır. Təbii ki, regionda dominantlıq istiqamətində atılan istənilən  addım digər qonşular tərəfindən heç də “təbii qarşılanmır”. Digər sahilyanı dövlətlər də öz potensiallarını maksimum səviyyədə gücləndirmək və qoruyub saxlamaq məcburiyyətində qalır.

Qazaxıstan, Azərbaycan və Türkmənistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yenilənməsi və dəniz təhlükəsizliyinin gücləndirilməsi proqramları çərçivəsində 2008-cu ildə yeni inşa olunan gəmilərin silahlandırılması üçün Rusiyanın “Taktik Raket Silahları Korporasiyası”na X-35 “Uran-E” gəmi əleyhinə raketlərin ilk sifarişlərini yerləşdirmişdir. Şirkətin açıqladığı məlumata görə, həmin il Qazaxıstanın “Kazspetsexport” şirkəti ilə 30 milyon ABŞ dolları, Türkmənistan Hərbi Dəniz Qüvvələri Rusiyanın “Taktik Raket Silahları Korporasiyası”na 84 milyon ABŞ dolları, Azərbaycanla 75 milyon ABŞ dolları dəyərində 3 müqavilə imzalanıb. BMT Adi Silahlar Registrindəki məlumatlardan bəlli olduğu qədər Rusiya Türkmənistana 2012-ci ildə 32 ədəd, 2013-cü ildə isə 8 ədəd 3M24E “Uran-E” gəmi əleyhinə raket tədarük edib. Adıçəkilən raketlər Türkmənistanın Rusiyadan aldığı 12418 “Molniya” layihəli raketdaşıyıcı gəmilərin (“Edermen” və “Gayratly”) silahlanmasına daxildir. Hər gəminin üzərində hər birində 4 raket yerləşdirilmiş 4 “Uran-E” buraxıcı kompleksi (sağ və sol yanlarda 4×4), döyüş ehtiyatında 16 ədəd 3M24E raketi mövcuddur.

Türkmənistan HDQ-nin “Uran-E” gəmi əleyhinə raket kompleksləri ilə silahlandırılmış 12418 “Molniya” layihəli gəmiləri

Qazaxıstanın sonrakı illərdə sifariş üzrə tədarük həyata keçirib keçirmədiyi açıqlanmasa da, Azərbaycanın açıqlanmayan səbəblərə görə, müqavilədən imtina etdiyi bildirilir. Korporasiyanın 2010-cu il üçün hesabatında yer alan informasiyalara görə, Qazaxıstanın sifarişi üzrə çatdırılmalar 2013-cü ildə, Azərbaycanın sifarişi isə 2014-cü ildə tamamlanmalı idi.

Atış uzaqlığı 5 km-dən 130 km-dək təşkil edən raketlər suüstü hədəflərə 3S25E radarı vasitəsi ilə aktiv və passiv rejimlərdə istiqamətləndirilir. İstehsalçı müəssisənin kataloq məlumatlarına görə, “Uran-E” raketləri 5-6 ballıq dəniz şərtlərində belə tətbiq oluna bilir

Yaradılmasına 1984-cü ildə başlanmış 3M24 “Uran” (digər adı X-35) gəmi əleyhinə raket kompleksi gəmilərə bazalaşdırılan qanadlı raket yerləşdirilmiş konteyner, işəsalma qurğusu, avtomatlaşdırılmış idarəetmə sistemi və yerüstü raket yoxlama-diaqnostika avadanlıqlarından ibarətdir. Yığcam ölçülər “Uran-E” raket kompleksini orta və kiçik qabaritli gəmilərə asanlıqla inteqrasiya edilməsinə imkan verir. “Uran-E” kompleksi X-35 tipli raketlərlə 5000 tona qədər su basımına malik gəmilərin məhv edilməsi üçün nəzərdə tutulur. Dünya okeanlarında, sərt iqlim şəraitlərində sınaqdan çıxarılmış “Uran-E” gəmi əleyhinə rakket kompleksi eyni zamanda 6 suüstü hədəfə qarşı tətbiq oluna bilər.

3M24 raketləri həmçinin “Bal” sahil mühafizə raket kompleksində də istifadə olunur. 90 saniyə ərzində döyüş vəziyyətinə gətirilə bilən kompleks 2-3 saniyə intervalla eyni vaxtda 6-dək hədəfə yaylım atəş açmaq imkanına malikdir.

Hazırda X-35 “Uran-E” gəmi əleyhinə raketlər Xəzər dənizində Türkmənistanın 12418 “Molniya” layihəli iki hərbi gəmisində, 260 km atış uzaqlığına malik X-35U Rusiya HDQ Xəzər Flotiliyasının 11661 “Gepard” layihəli gəmilərinin silahlanmasına daxildir. “Gepard” layihəli “Tatarıstan” gəmisinin üzərində hər birində 4 ədəd X-35U gəmi əleyhinə raketi yerləşən 2 buraxıcı qurğu yer alır.

Qazaxıstan HDQ Fransanın “MBDA Systems” şirkəti ilə 2014-cü ilin may ayında imzaladığı müqavilə ilə “Exocet MM40 Block 3” gəmi əleyhinə mobil sahil raket batareyasını sifariş verən ilk dövlət olmuşdur. Müqavilə çərçivəsində Qazaxıstan HDQ-nin döyüş qabiliyyətinin artırılması və sahil obyektlərinin müdafiəsi məqsədi ilə iki “Exocet MM40 Block 3” batareyası almağı planlaşdırır. Mobil sahil mühafizə kompleksi 1 mobil sensor, 1 taktik-idarəetmə mərkəzi və hər birində 4 raket yerləşən 2 ədəd mobil atəş qurğusundan ibarətdir. Komplek İspaniyanın “İndra Sistemas” şirkətinin istehsalı olan radiolokasiya sistemi ilə dəstləşdirilib. Qeyd edək ki, hazırda Qazaxıstanda “Kazakhstan Engineering” və “İndra Sistemas” şirkətinin birgə müəssisəsi radiolokasiya sistemlərinin istehsalı və servis xidmətlərinin təşkili ilə məşğulldur.

“Exocet MM40 Block 3” gəmi əleyhinə mobil sahil raket batareyası

TRI-40 turboreaktiv mühərrikə sahib “MM40 Block 3” raketinin uçuş uzaqlığı 97 dəniz mili (180 km-dən çox) təşkil edir. Raket hədəfə müxtəlif bucaqlar altında zərbə endirməyə imkan verir.

Yeni döyüş gəmilərinin və sahil mühafizə batareyalarının silahlandırılması məqsədi ilə Türkmənistan HDQ “Tetris” layihəsi çərçivəsində 2015-ci ildə “MBDA İtaly” şirkətindən “Otomat Mk 2” (ehtimalla “Block 4” modifikasiyası), “Marte Mk 2/N” gəmi əleyhinə və “Simbad-RC” zenit-raket kompleksləri də əldə edib.

Bəzi məlumatlara görə, Türkmənistan HDQ-nin YTKB layihəli gəmilərinin hər birinin silahlanmasında 4 konteyner “Otomat Mk 2” və ya 8 konteyner “Marte Mk 2/N” gəmi əleyhinə raket olmalıdır. Təkmilləşdirilmiş “Marte Mk 2/N” raketinin çəkisi 310 kq, uzunluğu 3.85 m, diametri 0.316 m, mənzili 30 km-dən çoxdur. Aktiv radiolokasiya başlığına və inersial naviqasiyaya malik bu raketlər “Exocet MM40 Block 3” uzun məsafəli gəmi əleyhinə raketlərlə eyni sensorlara malikdir. Raketin kiçik qabaritləri onu 25 metrdən 50 metrədək ölçülərdə gəmiləri silahlandırılmasına imkan verir. Türkmənistan adıçəkilən raketləri 33 metrlik sürətli hücum katerlərinin də silahlanmasına daxil edib. Bəzi məlumatlara görə, Türkmənistanın sifarişinə əlavə olaraq “Marte 2”nin bir sahil mühafizə batareyası da daxildir.

Hazırda Xəzər hövzəsində yalnız Türkmənistanın sahib olduğu “Otomat Mk 2” görüş dairəsindən kənarda suüstü və sahil hədəflərinin vurulması üçün təyinatlandırılmış dünyanın ən müasir raketlərindən hesab olunur. 180 km atış uzaqlığına malik raket 3D trayektoriya planlama, hədəfə müxtəlif istiqamətlərdən hücum kimi müasir xüsusiyyətlərə sahibdir. Radioelektron maneələrə və aldadıcılara qarşı manevrliyi, İNS və GPS naviqasiyadan istifadə hesabına raketin hədəfi vurma ehtimalını yüksəldib. Avtomatik tuşlanan aktiv radiolokasiya başlığına malik “Otomat Mk 2” raketinin ilk nümunəsi silahlanmaya 1973-cü ildə qəbul edilib. Sonrakı illərdə təkmilləşdirmələrə məruz qalan raketin idarəetmə və tuşlama sistemi yenilənib. Dəniz səthindən 15-20 metr hündürlükdə hərəkət edən raket hədəfə 12 km qalmış aktiv radiolokasiya başlığı işə salınır və məlumatların emalına başlayır. Aktiv radiolokasiya başlığı raketi bu halda 1,8 m horizontal dəqiqliklə hədəfə yönəltməyi bacarır. “Otomat Mk 4” versiyası 300 saniyədə 80 km məsafəni qət edir.

OTOMAT gəmi əleyhinə raketin atışı

SİPRİ-nin hesabatlarında Azərbaycanın ötən dövrdə İsraildən “Gabriel Mk 5” gəmi əleyhinə raketlər aldığı bildirilir. Açıq mənbələrdə yer alan informasiyalar görə, “Exocet” raketləri ilə eyni ölçülərə sahib olmasına baxmayaraq “Gabriel Mk 5” daha yüksək göstəricilərə sahibdir. Manelərə qarşı qorumaya, yüksək manevr qabiliyyətinə sahib raketin atış uzaqlığı 200 kilometrdən çoxdur.

Xəzər dənizindəki “Camaran” korvetini, “Sina” layihəli raket-artilleriya gəmilərini və itisürətli katerlərini aktiv radiolokasiya başlıqlı, 120-150 km atış uzaqlığına malik “Nur” (“Nour”) raketləri ilə silahlandıran İran sahil obyektlərində bu raketin yerüstü bazalaşdırılmış mobil komplekslərinin tətbiqinə hazırlaşdığını bəyan edib. Bundan başqa, KİV-də İranın “Peykap” layihəli itisürətli katerlərinin hər birini 2 ədəd “Nasr-1” gəmi əleyhinə raketlərlə silahlandırdığına dair məlumatlar mövcuddur. Çinin C-704 gəmi əleyhinə raketinin əsasında yaradılmış “Nasr-1” raketinin atış uzaqlığı 30 km təşkil edir. Bu raketlərin SEPAH-ın Xəzərdəki bölmələrinin silahlanmasıda yer aldığı ehtimal olunur.

İrana məxsus “Nur” (“Nour”) gəmi əleyhinə raketin sahil batareyasından atışı

Çinin C-801 raketinin əsasında yaradılmış “Nur” gəmi əleyhinə raketi TRD mühərrikə sahibdir. Adıçəkilən raketin 2006-cı ildə Hizbullah tərəfindən İsrailə məxsus hərbi gəmiyə, Aralıq dənizində bir mülki gəmiyə, 2016-cı ildə Yəməndə “Ənsar Allah” hərəkatı tərəfindən BƏƏ-yə məxsus gəmiyə qarşı tətbiq edildiyi və bütün hallarda hədəflərin vurulduğu məlumdur. Çəkisi 715 kq, uzunluğu 6.4 metr təşkil edən raket 155 kiloqram ağırlığında döyüş başlığına, 0,8-0.9 Max sürətə malikdir. “Nur” raketləri dəniz səthindən 20-30 metr hündürlükdə hərəkət edir.

Rusiya Xəzər flotiliyasının gəmilərini və sahil mühafizə bölmələrini 2010-cu ildən etibarən “Uran-E”, “Kalibr-NK” və “Bal-E” gəmi əleyhinə raket kompleksləri ilə təchiz etməkdədir. 2013-cü ildə flotiliyanın “Qrad Sviyajsk” korvetində, ardınca “Uqliç”, “Veliky Ustyuq” və “Dağıstan” gəmilərinin silahlanmasına “Kalibr-NK” qanadlı raketləri daxil edilib. 2015-ci ilin sonlarında Xəzər flotiliyasının gəmiləri Suriyadakı hərbi əməliyyatlara cəlb olunub. Flotiliyanın dörd raket gəmisi 7 və 20 noyabr 2015-ci il tarixlərində Xəzər dənizindən Suriyanın Rakka, İdlib və Hələb əyalətlərində yeddi hədəfə 44 (noyabrın 7-də 26, noyabrın 20-də isə 18) qanadlı raket buraxmışdır. Müdafiə naziri Serqey Şoyqunun məruzəsinə əsasən, bütün hədəflər vurulub. Lakin bəzi mənbələrdə yer alan məlumatlara görə burxaılmış “Kalibr-NK” raketlərinin bir qismi İran ərazisinə düşərək hədəflərə çatmayıb.

MARTE-Mk2N gəmi əleyhinə raketin gəmidən buraxılışı

Hazırda Xəzər flotiliyasının sıralarında xidmət edən 3 ədəd 21631 “Buyan-M” layihəli korvetin hər birinin silahlanmasında 8 ədəd “Kalibr-NK” raketi mövcuddur.  11661K layihəli “Dağıstan” gəmisində isə əvvəlcədən planlaşdırılan “Uran-E” kompleksi “Kalibr-NK” universal raket kompleksi ilə əvəzlənib. Gəminin üzərində 1 ədəd 8 raketli “Kalibr-NK” buraxıcı qurğusu yerləşdirilib.

“Kalibr” ailəsinə daxil olan raketlərinin dəqiq taktik-texniki xüsusiyyətləri barədə məlumatlar mövcud deyil. Raketin uçuş uzaqlığı barədə Rusiyanın hərbi rəsmiləri ziddiyyətli açıqlamalar verməkdədir. 2012-ci ildə mediada yer alan xəbərlərdə raketin dəniz hədəflərinə atış uzaqlığı 375 km, 2015-ci ildə açıqlanan məlumatlarda isə yerüstü hədəflərə 2400 km olaraq göstərilib. 2016-cı ilin mart ayında Rusiya HDQ Qara dəniz Flotiliyasının komandanı “Kalibr-NK”nın dəniz hədəflərinə atış uzaqlığını 500 km, 2017-ci ilin oktyabr ayının 19-da “Valday” klubunda müzakirələrdə çıxış edən Rusiya prezidenti Vladimir Putin isə 1400 km olaraq qeyd etmişdi.

Rusiya Xəzər dənizindəki gəmiləri ilə yanaşı sahil mühafizə bazalarını da “Bal-E” gəmi əleyhinə raket kompleksi ilə gücləndirməyə davam edir. 2019-cu ilin mart ayında Rusiyanın Müdafiə Nazirliyi Həştərxandakı “Bal-E” gəmi əleyhinə raketlərlə silahlandırılmış sahil mühafizə divizionunun Dağıstandakı Mahaçqala limanına dislokasiyasını tamamladığını elan edib. Bununla da Rusiya “Bal” komplekslərini cənub sərhədlərinə yerləşdirməklə geniş bir ərazidə vəziyyəti nəzarət altına alıb.

Rusiyanın Müdafiə Nazirliyi “Stena” layihəsi çərçivəsində 2017-ci ildə sahil mühafizə bölmələrinin 500 km məsafədə nəzarətinə imkan verən “Podsolnıx-E” radiolokasiya sistemi və “Buk-M3” enit-rakket kompleksləri ilə də təchiz edildiyini açıqlayıb.

Qeyd edək ki, 2008-ci ildə silahlanmaya qəbul edilmiş “Bal” sahil raket kompleksi yüksək keçicilik qabiliyyətinə malik MZKT-7930 şassisində yerləşir. Kompleksin tərkibinə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqəsi, gəmilər əleyhinə raketlər daşıyan özüyeriyən buraxılış qurğusu, nəqliyyat-doldurucu maşınlar daxildir. Kompleks 260 kilometrə qədər uçuş uzaqlığına malik X-35U “Uran” raketlərindən istifadə edir. Bu raketlər uçuşun böyük hissəsini dənizin üzərində 1-2 metr hündürlükdə həyata keçirdiyindən raketin ələ keçirilməsi və aşkarlanması çətinləşir.

Rusiya mediasında yer alan məlumatlara görə, Azərbaycan “Uran-E” raketləri ilə silahlandırılmış “Bal-E” (“Bal” kompleksinin ixrac versiyası) sahil mühafizə raket kompleksi əldə etmək niyyətində olub. Lakin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağı, eləcə də bu raketlərin Qarabağda istifadə oluna biləcəyi əsas gətirilərək onun Azərbaycana satışı məqsədəuyğun sayılmayıb. Qeyd edək ki, ixrac üçün təklif olunan “Bal-E” kompleksi Rusiyanın özünün silahlanmasında mövcud olan sistemdən 140 km qısa – 120 km atış məsafəsinə malikdir.

Perspektivlər

Xəzər flotiliyasının inkişaf planlarına uyğun olaraq 2020-ci ildən sonra 1241 layihəli raket katerinin silahlanmasında mövcud olan köhnəlmiş P-15M “Termit” gəmi əleyhinə raket kompleksinin X-35U kompleksi ilə əvəzlənməsi nəzərdə tutulur. Sözügedən katerin silahlanmasına 4 ədəd P-15M “Termit” raketi mövcuddur.

2018-ci ilin iyul ayında Rusiyanın Xəzər dənizində keçirdiyi təlimdə ilk dəfə olaraq Su-34 təyyarəsindən X-31A gəmi əeyhinə qanadlı raketin atışı həyata keçirilib. Özütuşlanan aktiv radiolokasiya başlığına malik X-31A raketi 95 kq döyüş başlığına və 70 km atış uzaqlığına malikdir. Rəsmi məlumatlarda Cənub Hərbi Dairəsinin aviasiya birləşmələrinin ötən bir neçə ildə X-31A raketləri ilə silahlandırıldığı diqqət çəkir. Son illərə adıçəkilən raketlərlə Xəzər və Qara dənizdə bir neçə atışlı təlim keçirilib. Təlimlərin ardınca eyni raketin Qazaxıstan HHQ-nin də silahlanmasında yer aldığına dair informaiyalar meydana çıxmışdır.

İran da öz növbəsində sahil bazalarını “Nur” və ya bu raketin təkmilləşdirilmiş versiyası olan “Qadir” (300 km məsafəyə malik) mobil sahil gəmi əleyhinə raket kompleksləri ilə təchiz etmək niyyətində olduğunu açıqlayıb. Cənub qonşumuzun prosesə ən tez halda 2022-ci ildə başlayacağı ehtimal edilir.

MBDA rəsmiləri Türkmənistanla “Exocet MM40 Mk 3” raketlərinin, Azərbaycanla yeni hərbi gəmilərin silahlandırılması üçün bənzər sistemlərin tədarükünə dair görüşmələrin davam etdiyini açıqlayıblar. Azərbaycanın yaxından maraqlandığı sistemlər sırasında ROKETSAN şirkətinin istehsalı olan “Atmaca” gəmi əleyhinə raketlər də xüsusi yer tutur. 2018-ci ildə sınaqları tamamlanan “Atmaca”nın seriyalı istehsalına başlanıb.

Qazaxıstan isə dəniz infrastruktrunun mühafizəsi məqsədi ilə Serbiya ilə birlikdə 50 km atış uzaqlığına malik ALAS-C sahil mühafizə raket sisteminin istehsalını planlaşdırır.

Ümumilikdə baş verən proseslərin təhlillərindən bu nəticəyə gəlmək olar ki, Rusiya Xəzər dənizində Türkmənistan istisna olunmaqla digər dövlətlərin dəniz sektorunda müdafiə qabiliyyətinin gücləndirilməsinə hər bir vəchlə mane olmaqdadır və bu prosesin növbəti illərdə də davam edəcəyi gözlənilir. Bu arada Rusiyanın “Bal-E” sahil mühafizə raket kompleksini Qazaxıstan üçün də satmaması bu ehtimalları yüksəldir.

Bunun qarşılığında həm Qazaxıstan, həm Azərbaycan, həm də Türkmənistan öz aresenalını daha müasir Fransa-İtaliya, Türkiyə və İsrail istehsalı olan raket sistemləri ilə gücləndirməyə davam edəcək. Fransanın “Naval Group” və Türkiyənin “Dearsan” tərsanələri Azərbaycan HDQ üçün təklif olunan gözətçi gəmilərini “MBDA Systems” şirkətinin, Niderlandın “Damen” tərsanəsi isə layihəsini İAİ şirkətinin “Gabriel Mk. 5” gəmi əleyhinə raketləri ilə silahlandırmaq niyyətindədir. Qazaxıstan HDQ-nin inşası planlaşdırılan 75 metrlik “Nur” sinif gözətçi gəmilərini “Exocet MM40 Block 3” gəmi əleyhinə raketlərlə təchiz edilməsinə dair “MBDA Systems” şirkəti ilə ilkin anlaşma əldə olunub.

Adıçəkilənlərlə yanaşı perspektivdə Türkiyə, Çin və Hindistan alternativlərinin də ortaya çıxacağı istisna deyil. Sahilyanı dövlətlərin yaxın 10 il üçün satınalma sifarişlərində gəmi əleyhinə raketlərin, sahil mühafizə raket sistemlərinin xüsusi yer tutduğunu görmək olur. Bu da növbəti illərdə sahilyanı dövlətlərin fəallığının davam edəcəyini deməyə əsas verir.

Azər Hüseynov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş