Xidmət rəisi: “Uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var”

Xidmət rəisi: “Uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var”

“Dövlətin orduya diqqət və qayğısı pandemiya təhlükəsinə görə də çox yüksəkdir”

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı “Azərbaycan Ordusu” qəzetinə müsahibə verib. “AzeriDefence” həmin müsahibəni təqdim edir.

– Cənab polkovnik, karantin şəraitində Müdafiə Nazirliyində Ərzaq Xidmətinin fəaliyyəti necə qurulub?

– Koronavirusla qlobal miqyasda mübarizə aparılır. Pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamları müstəsna əhəmiyyətlidir. Bu sərəncamların tələbləri müvafiq olaraq Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə orduda da icra olunmağa başladı. Müdafiə nazirinin göstərişi ilə ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırıldı. İndi bu məsələləri karantin rejiminin tələblərinə uyğun olaraq daha ciddi nəzarətdə saxlayırıq. Belə ki, hərbi hissələrə daxil olan bütün hərbi avtomobillər, həmçinin təminedici şirkətlərin yük avtomobilləri dezinfeksiya edildikdən sonra anbarlara buraxılır. Eləcə də anbarlara daxil olan hər bir şəxsin temperaturu ölçülür, onlara əlcək və maska verilir. Həmçinin hərbi qulluqçuların ictimaiyyət arasına tez-tez çıxmaması, yoluxma hallarının qarşısının alınması məqsədilə bir sıra digər zəruri addımlar atılır. Bununla əlaqədar ərzaq məhsullarının natura halında verilməsi prosesi genişləndirilibdir. Bakı qarnizonunda xidmət edən hərbi qulluqçulara ərzaq payı natura şəklində verilir ki, bu da onların istər özlərinin, istərsə də ailə üzvlərinin virusa yoluxma ehtimalını kifayət qədər azaldır.

– Ordu dövlət üçün həmişə prioritet olub. Belə bir gərgin şəraitdə də ordunun ərzaq təminatına xüsusi diqqət göstərilir…

– Bəli, Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir. Müddətli hərbi qulluqçulara və digər kontingentə dövlət hesabına ərzaq payı verilir. Zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ərzaq payı və ya onların istəyinə uyğun olaraq pul kompensasiyası ödənilir.

Müvafiq normalara uyğun olaraq, Ərzaq Xidməti hər ilin sonunda növbəti il üçün sifarişlər hazırlayaraq Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə təqdim edir. Sifarişlər hazırlanarkən normalara uyğun olaraq məhsulların çoxçeşidliliyinə diqqət yetirilir. Bunun nəticəsidir ki, hər il ərzaq anbarlarına 100 addan çox ərzaq daxil olur. Anbarlara ərzağın gətirilməsi və paylanması mərkəzləşmiş şəkildə aparılır. Ərzaq anbarına gətirilməli olan qidaların uyğunluq, gigiyena sertifikatları və əgər qida hər hansı xarici ölkədən gətirilirsə, onun radiasiya şüalanmasına qarşı aparılmış laborator sənədləri təminedici şirkətlər tərəfindən təqdim olunur. Gətirilən məhsullardan nümunələr Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasına təqdim olunur. Məhsulların keyfiyyəti laborator müayinələrlə tam yoxlanılır. Laboratoriya müsbət cavab verdikdən sonra ərzaq mərkəzi anbara, oradan da hərbi hissələrin təminatına göndərilir.

– Ümumiyyətlə Azərbaycan Ordusunda ərzağın paylanması prosesi necə həyata keçirilir?

– Ərzaq məhsullarının paylanması prosesində gigiyenaya və təmizliyə xüsusi diqqət yetirilir. Təminedici şirkətlərdən xüsusi vasitələr əldə edilərək qablaşdırma prosesi steril şəraitdə aparılır. Hazırda qida rasionunda əsas təminatda nəzərdə tutulan mal ətindən əlavə, toyuq əti, ət konservi, müxtəlif növ okean və dəniz balıqları var. Çoxçeşidliliyə diqqət yetirməklə yanaşı, ərzağın istifadə intensivliyinə də diqqət edirik ki, bu da tərəvəz məhsullarının verilməsi zamanı həyata keçirilir. Biz Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapan əvəzetmə normalarına uyğun olaraq bəzi az istifadə olunan tərəvəz məhsullarını müvafiq mütənasiblik gözlənilməklə  daha çox işlədilən ərzaqlarla əvəzləmişik.

Onu da bildirim ki, ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, anbarlarımızda uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var.

– Pandemiya təhlükəsi ilə əlaqədar hərbi hissələrdə hansı qabaqlayıcı tədbirlər görülüb?

– Hərbi hissələrdə ərzaq təminatı ilə məşğul olan bütün şəxsi heyət müntəzəm olaraq yoxlamadan keçirilir və istifadə olunan mətbəx avadanlıqları, şəxsi heyətin qidalandığı bütün qablar xüsusi məhlullarla yuyulur, dezinfeksiya olunur. Təhlükəsizliyi və təmizliyi tam təmin etmək üçün hərbi hissələrdə komandirlər nəzarət qrupları yaradıb. Bu qruplar şəxsi heyətin yeməkxanaya girişi zamanı əllərini spirt tərkibli antiseptik vasitələrlə dezinfeksiya etməsinə, eləcə də digər proseslərə ciddi nəzarət edir.

– Bü gün əsgərlərin gündəlik qida rasionunda hər hansı dəyişikliklər mövcuddur?

– Bildiyiniz kimi, immuniteti zəif olan insanlar koronavirus infeksiyasına daha tez yoluxurlar. Müdafiə nazirinin xüsusi göstərişinə  əsasən, vitaminləşdirmə gücləndirilir, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər daxil edilir. Təzə alma, sarımsaq, soğan, kələm və çuğundurdan istifadəyə xüsusi diqqət edirik. Nahar və şam yeməklərində təzə tərəvəzlərdən hazırlanmış salatlar da verilir.

Sonda vətəndaşlarımıza müraciət edərək bütün şəxsi heyət adından demək istəyirəm ki, biz onlar üçün Vətənin keşiyində dayanmışıq. Onlar da bizim üçün sağlamlıqlarının keşiyində dayansınlar.

KATEQORIYA:
Bu xəbəri paylaş