Xüsusi hərbi ixtisaslı sürücü müdavimlər arasında yarış keçirib – FOTO

Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında müxtəlif maneəli hərəkətlər üzrə avtomobil sürmə və kiçik çaplı odlu silahdan güllə atıcılığı yarışı keçirib.

Bu barədə “AzeriDefence”yə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  rəisinin müavini polkovnik, Şahvələd Əliyev bildirib ki, belə yarışlar gənclərin, müdavimlərin hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı, onların hərbi vətənpərvərlik ruhunun, intellektual səviyyələrinin və hərbi biliklərinin yüksəldilməsinə, çağırışaqədərki hazırlıqlarına xidmət edir. Cəmiyyət hər zaman hərbi vətənpərvərlik tədbirlərinin keçirilməsinə böyük önəm verir.

Cəmiyyətin sədri Niyazi Eynalov yarışın əhəmiyyətinə toxunaraq, ən böyük mənəvi borc olan Vətənə xidmət zamanı şəxsi məsuliyyət hissinin daha da yüksəldilməsinin, sürücüyə lazım olan keyfiyyət və vərdişlərin praktik olaraq formalaşdırılmasının vacibliyini vurğulayıb.

Yarışın yekunlarına görə Cəmiyyətin Binəqədi rayon 1 nömrəli filialının komandası 116 balla 1-ci nəticə, Sabunçu rayon filialının komandası 102 balla 2-ci nəticə,  Nəsimi rayon 1 nömrəli filialının komandası isə 91 balla 3-cü nəticə göstərərək qalib olub.

Fərqlənən komandaların üzvləri Cəmiyyətin diplomu, kuboku və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş